...

Fransa Azərbaycanın Cənubi Qafqazda yaratmaq istədiyi uzunmüddətli sülhə böyük zərbə vurur - Siyasi şərhçi

Siyasət Materials 16 Noyabr 2022 20:52 (UTC +04:00)
Fransa Azərbaycanın Cənubi Qafqazda yaratmaq istədiyi uzunmüddətli sülhə böyük zərbə vurur - Siyasi şərhçi

Bakı. Trend:

Fransa Senatının qəbul etdiyi qətnamə Azərbaycanın Cənubi Qafqazda yaratmaq istədiyi uzunmüddətli sülhə və təhlükəsizliyə çox böyük zərbədir. Bu addım, eyni zamanda, Fransanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlikdir.

Bunu AZƏRTAC-a açıqlamasında “Trend” Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

S.Kərimli qeyd edib ki, Fransa Senatı məsuliyyətsiz davranışları ilə ölkəmizin daxili işlərinə müdaxilə edir, həmçinin dövlətlərimiz arasında münasibətlərə xələl gətirir. Fransa rəhbərliyi qəti şəkildə anlamalıdır ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində ona yer yoxdur. Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağ problemi həll olunub, bu ərazilərdə yaşayan etnik ermənilərin statusundan söhbət gedə bilməz. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyinə, hüquq və azadlıqlarına dövlət səviyyəsində təminat verilir.

S.Kərimli vurğulayıb ki, digər ölkələrin daxili işlərinə qarışmaqdansa, yaxşı olardı ki, Fransa öz qanlı keçmişinə - müstəmləkəçilik, işğalçılıq siyasəti yürüdərək milyonlarla günahsız insanın qətlə yetirilməsinə nəzər salsın. Fransanın vaxtilə Əlcəzairdə həyata keçirdiyi qanlı soyqırımı cinayətləri heç də uzaq keçmiş deyil. Dünya bu vəhşiliyi və barbarlığı yaxşı xatırlayır. Fransa Senatının üzvləri öz ölkələrinin keçmişinə baxıb utanmalı, xəcalət çəkməlidir.

Bu gün dünya miqyasında nüfuzu getdikcə azalan Fransanın belə riyakar mövqe tutmasının bu ölkənin olan-qalan hörmətini də gözdən saldığını söyləyən siyasi şərhçi qeyd edib: “Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərinin bir hissəsini 30 ilə yaxın işğal altında saxladığı vaxt Fransa bu haqsızlığa göz yumduğu halda, indi hansı ədalətdən danışa bilər? İşğal illərində tarixi torpaqlarımız viran qoyularkən, yaşayış məntəqələrimiz talan edilərkən, günahsız azərbaycanlılar soyqırımına məruz qalarkən Fransa harada idi? Yaxşı olar ki, Fransa Senatının üzvləri bu suallara cavab versinlər. Görünən odur ki, Fransa Ermənistana hər cür dəstək verməklə bölgədə yeni münaqişə ocağı yaratmağa çalışır. Görünür, Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanlarında bütün dünyaya nümayiş etdirdiyi şücaətlər, düşmənə vurulan öldürücü zərbələr Fransa, eləcə də Ermənistan üçün yetəri qədər dərs olmayıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti