Bakı. Trend:
Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qərəzli və absurd qətnamə bir daha bu ölkənin erməni lobbisinin əlində alətə çevrildiyini göstərir. Bu qətnamə ilə Fransa beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirdi. Başqa vaxt beynəlxalq hüquq normalarından dəm vuran Fransa özü bu normaları ayaqlar altına atır, öz öhdəliklərini kobudcasına pozur.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz mövqe nümayiş etdirən Fransa bu addımları ilə riyakar və ikiüzlü bir dövlət olduğunu göstərir.
“Fransa Senatı bu qətnaməsi ilə Fransa ilə Azərbaycan arasında
ikitərəfli öhdəlikləri, xüsusilə də Azərbaycan Respublikası ilə
Fransa Respublikası arasında 1993-cü il dekabrın 20-də imzalanmış
“Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” Müqaviləni
kobud şəkildə pozur. Sözügedən müqavilənin 2-ci maddəsinə uyğun
olaraq, tərəflər öz üzərinə beynəlxalq təhlükəsizliyin təmin
edilməsi, münaqişələrin qarşısının alınması və dövlətlərarası
münasibətlərdə beynəlxalq hüququn aliliyinin təmin olunması üçün öz
səylərini sərhədlərin pozulmazlığı prinsipləri əsasında
birləşdirəcəklərinə dair öhdəlik götürmüşlər. Lakin Fransa bu
öhdəliklərinə əməl etməməklə yalançı və etibarsız bir ölkə olduğunu
nümayiş etdirir, Azərbaycana qarşı açıq diskriminasiyaya yol
verdiyini bir daha sübut edir”, - deyə deputat bildirib.
A.Həsənova qeyd edib ki, Azərbaycan xalqının artıq Fransaya heç bir
inamı qalmayıb. “Çünki həm 30 illik işğal dövründə, həm Vətən
müharibəsi zaman, həm də post-münaqişə dövründə Azərbaycan xalqı
Fransanın Azərbaycana qarşı haqsız ittihamlar səsləndirməsinin və
ermənipərəst mövqe tutmasının şahidi olub. Fransa daim Ermənipərəst
mövqeyi ilə seçilib və bu gün də bu mövqeyini davam etdirərək
post-münaqişə dövründə də Ermənistanın maraqlarını müdafiə etməyə
çalışır, təcavüskar ölkəni təcavüzə məruz qalan ölkə kimi qələmə
verməyə çalışır”, - deyə deputat vurğulayıb.
O qeyd edib ki, yaxşı olardı ki, Fransa başqa dövlətlərin işinə müdaxilə etmək əvəzinə öz çirkin tarixinə nəzər yetirsin, dünya xalqlarına qarşı törətdiyi amansız cinayətlər, soyqırım və qətliamlardan utansın, bu cinayətlərə görə cavab versin.
“Məlumdur ki, Fransa dünyanın müxtəlif regionlarında 50-dən artıq dövlətin ərazisini işğal edərək, sərvətlərini talan edərək, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq və bəşəriyyət əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirib. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan qara ləkədir.
Elə təkcə Əlcəzairin 1830-1962-ci illəri əhatə edən işğalı dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən qətlə yetirilib. Fransa işğal etdiyi ölkələrdə Cenevrə Konvensiyası ilə qadağan olunmuş kimyəvi silahlardan – zəhərli qazlardan istifadə edib. Həmin qazların təsirinə məruz qalmış insanların nəvə-nəticələri bu gün də onkoloji və digər xəstəliklərdən əziyyət çəkir.
1994-cü ildə Fransa Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat keçirərək tutsi qəbiləsinin 800 mindən çox üzvünü vəhşicəsinə qətlə yetirib. Fransanın tarixdə törətdiyi cinayətləri saymaqla qurtarmaq olmaz. Fransamım bu çirkin əməlləri tarixdə bir ləkədir.
Fransa bu gün də terrorçulara dəstək verməkdə davam edir. Ermənistan tərəfindən xarici ölkələrdən, o cümlədən Fransadan şovinist, irqçi və terrorçu muzdluların və əcnəbi terrorçu döyüşçülərin müharibə zonasına gətirilərək Azərbaycana qarşı istifadə edildiyinə dair təkzibedilməz faktlar mövcud olsa da, Fransa hüquq mühafizə orqanları onları istintaqa cəlb etməməklə himayə edir.
Yaxşı olardı ki, Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığına qarşı növbəti addım atmaq əvəzinə Fransa parlamentariləri ilk öncə öz qara tarixlərinə baxsınlar, Fransanın törətdiyi insanlığa qarşı cinayətləri və müharibə cinayətlərini tanısınlar, vəhşiliklər törətdiyi xalqlardan üzr istəsinlər, həmçinin təbii sərvətlərini talan etdiyi dövlətlərə kompensasiya ödəsinlər”, - deyə deputat əlavə edib.