...

Hər bir uğurumuz Heydər Əliyev siyasətinin təntənəsidir - Vüqar Rəhimzadə

Siyasət Materials 9 Dekabr 2022 14:57 (UTC +04:00)
Hər bir uğurumuz Heydər Əliyev siyasətinin təntənəsidir - Vüqar Rəhimzadə

Trend-i buradan izləyin

Bakı. Trend:

Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciəti Azərbaycanın son 19 ildə qazandığı uğurların, ən başlıcası tarixi Zəfərimizin əsası oldu

“Hər bir dövlətin, xalqın həyatında liderlərin rolu inkaredilməzdir. Azərbaycanın bugününü müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə lider amilinin rolunu daha aydın görür və düzgün dəyərləndiririk. Bu baxımdan “Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir” fikri özündə bütün məqamları ehtiva edir. Həmçinin Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi, həmçinin dövlət başçısının 28 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 18 maddədən ibarət “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər planının təsdiqlənməsi dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərinin aydın ifadəsini yaradır. Azərbaycanın çoxəsrlik tarixinin hər bir səhifəsi bizim üçün əzizdir. Müstəqilliyimizin yenidən bərpasının ilk illərində ölkəyə idarəçilik qabiliyyəti olmayan, səriştəsiz antimilli ünsürlərin rəhbərlik etmələri Azərbaycanı uçurumun bir addımlığına gətirib çıxarmışdı. Həmin illər tariximizin qara səhifəsi kimi xatırlanır. Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibəti ilə keçirilən tədbirdə dövlət başçısı İlham Əliyev YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya dəvət edildiyini, parlamentin Sədri, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildiyini xatırladaraq tariximizin o qara səhifəsinin bağlandığını bildirdi.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, həmin dövrdə ölkə çox ciddi, böyük problemlərlə üz-üzə qalmışdı: “Məhz ulu öndər Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın öz dahi rəhbərinə olan inamı sayəsində Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqlardan, iqtisadi böhrandan xilas oldu, inkişaf, tərəqqi dövrünə qədəm qoydu. Ümummilli Liderin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atıldı. İlk növbədə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Dövlətçiliyin əsasları yaradıldı. Ulu öndər Heydər Əliyev müstəqillik yolunda ilk addımlarını atan Azərbaycanın qarşısında dayanan həllivacib məsələlərdən bəhs edərkən dünya dövlətləri, o cümlədən region ölkələri ilə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasını əsas amil kimi önə çəkdi. Azərbaycanın bu sahədə göstərdiyi səylər öz müsbət nəticəsini verərək ölkəmizin ətrafında yaradılan informasiya blokadasını yardı.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, ömrünü dövlətinə, xalqına, Vətəninə həsr edən Ulu Öndərin xidmətlərini bir yazıda əhatə etmək qeyri-mümkündür: “Reallıq budur ki, Ümummilli Lider xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Dövlət başçısı İlham Əliyev məhz bu reallıqlara söykənərək belə bir çağırışı edir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq.”

Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın sabitlik diyarına çevrilməsindən, iqtisadi möcüzələr ölkəsi kimi nüfuz qazanmasından, beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsindən, hər zaman Qələbəyə hazırlaşaraq artıq tarixə qovuşan Qarabağ münaqişəsinin ədalətli həlli üçün möhkəm hüquqi bazanın yaradılmasından, eyni zamanda, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsindən və döyüş ruhunun artırılması istiqamətində atılan addımlardan geniş bəhs edib. Bildirib ki, iqtisadi və siyasi müstəqillik hər bir ölkənin dayanıqlı inkişafında əsasdır: “Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi. İlk növbədə iqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıldı. Ən əsası iqtisadiyyatımızın inkişafında neft amilinə böyük önəm verilməsi ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsini təmin etmək məqsədilə 1994-cü ilin 20 sentyabr tarixində dünyanın nəhəng transmilli şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan sonrakı illərdə əməkdaşlığın coğrafiyasını genişləndirməklə dünyanın enerji təhlükəsizliyinə davamlı töhfələr verən ölkə kimi nüfuz qazandı. Azərbaycanın müəllifi olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Azərbaycan bu gün də ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması, Ümummilli Liderin dahiyanə uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vəsaitlərinin səmərəli istifadəsinin təmin olunması bu gün ölkəmizin hərtərəfli inkişafına, iqtisadi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Bu gün Azərbaycanın təşəbbüsçüsü və müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsinin, onun əsas tərkib hissələri olan TANAP və TAP-ın uğurla reallaşması ölkəmizi dünyanın, o cümlədən Avropanın enerji təminatında əsas söz sahiblərindən birinə çevirib.”

YAP Xətai rayon təşkilatının sədri onu da qeyd edib ki, Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi mövqeyinin möhkəmləndirilməsi də məhz o illərdə yaradılan möhkəm təmələ əsaslanır: “Azərbaycanın 2001-ci ildə ulu öndər Heydər Əliyevin səyləri nəticəsində dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından olan Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi də ölkəmizin demokratik dəyərlərə sözdə deyil, əməldə sadiqliyinin nümayişidir. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün təsisatlar yaradılıb. İnsan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün mühüm addımların atılması da deyilənlərin təsdiqidir. Heç də təsadüfi deyildir ki, bu gün Azərbaycanın demokratiya təcrübəsi digər dövlətlərə nümunə göstərilir.”

Vüqar Rəhimzadə xarici siyasət sahəsində uğurlarımızdan bəhs edərkən dövlətimizin söykəndiyi dəyişməz prinsipləri xüsusi qeyd edib: “Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr qurur. Azərbaycanın müstəqil siyasəti uğurlarının davamlılığında əsas amildir. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazandı. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrini daha da möhkəmləndirdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrində ərazi bütövlüyümüzün bərpa edilməsi, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapdı. Bütün bunlar dövlətimizin ədalətə və beynəxalq hüquqa söykənən siyasətinin nəticəsi idi.”

“Bu gün hansı sahəyə baxsaq sürətli inkişafda və tərəqqidə ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini görərik” söyləyən YAP Xətai rayon təşkilatının sədri diqqəti dünyaya səs salan, tarixi ədaləti bərpa edən Zəfərimizdə əsas amil olan ordu quruculuğuna, gənclərimizin torpaq, Vətən sevgisinə yönəldib: “Ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdı. Bunlardan biri də hərbi kadrların hazırlanması məqsədilə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması idi. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu dövlət siyasətinin əsasına çevrildi. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin artırılması üçün bütün zəruri addımlar atıldı. Azərbaycanın öz missiyasını layiqincə yerinə yetirməyə qadir Ordusu formalaşdı.”

Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətləri sırasında 2003-cü ildə xalqa tarixi müraciətini xüsusi qeyd edib: “Həmin müraciət Azərbaycanın son19 ildə qazandığı uğurların, ən başlıcası tarixi Zəfərimizin əsası oldu. Son 19 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yeni inkişaf strategiyası həyata keçirilib. Dövlət başçısı bu illər ərzində ölkəmizdə bütün sahələrin müasir tələblərə uyğun inkişafını təmin edib. Azərbaycanın iqtisadi müstəqilliyi gücləndikcə siyasi mövqeyi də möhkəmlənir. Ordu quruculuğu sahəsində də mühüm addımlar atılıb və bu proses hazırda uğurla davam etdirilir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bütün bu uğurların, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, Xalq-Prezident-Ordu birliyinin təqdimatı oldu. Xalqımız dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir vədinin real həyatda şahidi olur. Möhtərəm Prezidentimizin qətiyyəti sayəsində ərazi bütövlüyümüzün bərpa olunması hər birimizi qürurlandırır, sabaha daha böyük inamla addımlamağa stimul verir. Ali Baş Komandan İlham Əliyev adını tariximizə qalib Sərkərdə kimi qızıl hərflərlə yazdı. Xalqımız daim bu əminliyi də ifadə edir ki, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində Qarabağda və Şərqi Zəngəzurda bütün quruculuq işləri uğurla başa çatacaq, soydaşlarımız tezliklə doğma yurd-yuvalarına qayıdacaq və bu torpaqlarda yeni həyat başlayacaq.”

YAP Xətai rayon təşkilatının sədri Ümummilli Liderin irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun xidmətlərinə də diqqəti yönəldərək bildirib ki, Fondun Mehriban xanım Əliyevanın rəhbərliyi ilə gördüyü işlərin miqyası olduqca böyükdür: “Hazırda bütün səylər işğaldan azad edilmiş ərazilərimizin bərpasına yönəldilib. Bu baxımdan Fondun erməni vəhşiliklərinə şahidlik edən tarixi və dini abidələrimizin bərpası istiqamətində fəaliyyətini xüsusi vurğulamaq gərəkdir. Bununla bərabər, dövlət başçısının tapşırığı, Heydər Əliyev Fondunun təşkilatçılığı əsasında “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənələrinin bərpasını da xüsusi qeyd etməliyik. Bir sözlə, Fondun hər bir layihəsi, addımı qalib Azərbaycanın təqdimatına xidmət edir.”

Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, hər bir uğurumuz Heydər Əliyev siyasətinin təntənəsidir. Bu gün qalib Azərbaycanın qarşısında daha böyük vəzifələr durur. Heydər Əliyevin həmişəyaşar ideyalarına sadiq qalan dövlətimiz və xalqımız bu vəzifələri də layiqincə yerinə yetirəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti