Bakı. Trend:
Qarabağda nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması, Zəngəzur dəhlizinin tam həcmdə işə düşməsi Orta Dəhliz üzrə əlavə imkanlara gətirib çıxaracaq.
Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanda Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirlərinin birgə mətbuat konfransı zamanı deyib.
Nazir qeyd edib ki, Azərbaycan Qarabağda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir.
"Hesab edirik ki, bərpa-quruculuq işlərinin həyata keçirilməsi də ölkələrimiz arasında birgə layihələr üçün yaxşı imkanlar açır. Eyni zamanda Qarabağda nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması, Zəngəzur dəhlizinin hansı ki, üzərində hal-hazırda işlər gedir, onun tam həcmli işə düşməsi Orta Dəhliz üzrə əlavə imkanların əldə edilməsinə gətirib çıxaracaq", - deyə o əlavə edib.