Bakı. Trend:
Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 1 iyul
tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların
yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik
edilməsi haqqında Qərar imzalayıb.
Trend xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
- 1.2-ci bənddə “(hərbi təhsil müəssisələrində - adyunktura) yolu ilə” sözləri “yolu ilə və ya hərbi təhsil müəssisələrinə münasibətdə adyunkturada” sözləri ilə əvəz edilsin.
- Aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:
“5-1. Adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığı
5-1.1. Adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığı üzrə
ali hərbi təhsil müəssisələrinin illik qəbul planları onların tabe
olduqları müvafiq dövlət orqanlarının sifarişləri əsasında bu
Qaydaların tələblərinə uyğun olaraq təsdiq edilir.
5-1.2. Bu Qaydaların doktoranturaya qəbula, habelə doktoranturada
təhsilin formaları və müddətlərinə aid tələbləri adyunkturaya da
şamil edilir.
5-1.3. Adyunkturaya ali təhsil müəssisələrinin magistratura
səviyyəsini bitirən və ali hərbi təhsil müəssisələrinin
nizamnamələrində nəzərdə tutulan hərbi qulluqçular, bu təhsil
müəssisələrində çalışan professor-müəllim heyətindən olan şəxslər,
habelə milli
təhlükəsizlik və hərbi sahələr üzrə dövlət orqanlarında
(qurumlarında) çalışan mülki şəxslər bu Qaydaların tələbləri nəzərə
alınmaqla qəbul olunurlar. Milli təhlükəsizlik və hərbi sahələr
üzrə dövlət orqanlarında (qurumlarında) çalışan mülki şəxslər
adyunkturaya qəbul üzrə müsabiqəyə çalışdıqları dövlət orqanlarının
(qurumlarının) göndərişləri əsasında buraxılırlar.
5-1.4. Adyunkturaya qəbul “Milli təhlükəsizlik və hərbi elmlər” elm sahəsinə aid olan ixtisaslar üzrə aparılır.
5-1.5. Adyunkturada təhsil alan zabitlərin və mülki şəxslərin təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
5-1.6. “Fəlsəfə doktoru” və “Elmlər doktoru” elmi dərəcələri üzrə doktoranturada təhsil alan şəxslərin hüquq və vəzifələri adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığına da şamil edilir. 5-1.7. Adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığı prosesində təhsil alan şəxslərin əyani təhsildən qiyabi təhsilə və ya əksinə keçirilməsi bu Qaydalara uyğun olaraq onları göndərən dövlət orqanının razılığı əsasında aparıla bilər.”.