Bakı. Trend:
Son aylarda İran mətbuatında və İran ofislərində Azərbaycan əleyhinə kampaniya aparılıb. Hesab edirik ki, kampaniya bu hücumlara səbəb olub.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə açıqlamasında bildirib.
"Bu təxribatlar, mətbuatda Azərbaycana qarşı yazılan yazılar, kampaniyalar Azərbaycan-İran münasibətlərinə çox mənfi təsir göstərir. İran tərəfi İranda Azərbaycana qarşı aparılan kampaniyaya qarşı tədbir görməlidir", - deyə o əlavə edib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.