...

Azərbaycan səfirliyinə silahlı hücum beynəlxlaq hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir - Nizami Səfərov

Siyasət Materials 1 Fevral 2023 11:45 (UTC +04:00)
Azərbaycan səfirliyinə silahlı hücum beynəlxlaq hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir - Nizami Səfərov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum beynəlxlaq hüququn fundamental normalarının kobud şəkildə pozulması kimi tövsif edilməlidir.

Trend-in məlumatına görə, bunu deputat Nizami Səfərov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, belə bir hüquqi nəticə ilk növbədə dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən həm Azərbaycanın, həm də İranın iştirakçısı olduqları 14 aprel 1961-ci il tarixli “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasında təsbit edilmiş öhdəliklərin pozulmasından hasil olur.

“İmperativ xarakter daşıyan həmin öhdəliklərə əsasən yerləşmə dövləti diplomatik nümayəndəliyin binalarının və diplomatik aqentlərin şəxsiyyətinin toxunulmazlığını və onların hər cür hücumlardan yaxud zərər vurulmasından qorumalıdır və Konvensiyanın 22-maddəsinə əsasən qeyd edilənlər yerləşmə dövlətinin xüsusi vəzifəsidir. 1961-ci il tarixli bu beynəlxalq müqavilənin beş dildə olan bütün autentik nüsxələrində məhz “xüsusi vəzifə” terminindən istifadə edilir və həmin vəzifə ən ciddi formada pozulub. İkinci mühüm məqam Azərbaycanın və İranın qoşulduqları 14 dekabr 1973-cü ildə Nyu Yorkda qəbul olunmuş “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı, cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasının” pozulmasıdır. Həmin beynəlxalq müqavilənin 2-ci maddəsinə əsasən diplomatik nümayəndəliyin binalarına, yaşayış yerlərinə və ya nəqliyyat vasitələrinə təhlükə yaradan zorakı hücumlar ən ağır transmilli terror cinayəti kimi qiymətləndirilir. Çoxsaylı beynəlxalq hüquq sənədlərinə, o cümlədən universal səviyyədə BMT tərəfindən qəbul edilən “Terrorçuluqla mübarizə Strateqiyasına” uyğun olaraq bu cür əməllərin hansı niyyət və ya motivlərlə törədilməsi onların terror aktı kimi tövsifinə heç bir təsir göstərmir”, - deyə o qeyd edib.

N.Səfərov vurğulayıb ki, törədilmiş cinayətin istintaqına artıq başlanılıb və ölkəmizin beynəlxalq hüquqa uyğun olaraq bütün prosesləri nəzarətdə saxlaması üçün müvafiq hüquqi baza mövcuddur. “Bunları yuxarıda qeyd etdiyim Konvensiyalar, və həmçinin Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında hüquqi yardım haqqında 1998-ci il fevralın 21-də Bakı şəhərində imzalanmış Müqavilə və iki dövlət arasında “Əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında" 2002-ci il 20 may tarixli Müqavilə təşkil edir”, - deyə N.Səfərov əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti