...

Heydər Əliyev Mərkəzinin binası Türkiyənin Dövlət bayrağı rəngində işıqlandırılıb (FOTO/VİDEO)

Siyasət Materials 7 Fevral 2023 23:30 (UTC +04:00)
Heydər Əliyev Mərkəzinin binası Türkiyənin Dövlət bayrağı rəngində işıqlandırılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Fevralın 6-da Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, bu gündən etibarən Heydər Əliyev Mərkəzinin binası Türkiyə Respublikasının Dövlət bayrağının rəngində işıqlandırılıb.

Trend xəbər verir ki, Azərbaycan və Türkiyə xalqları arasındakı dostluğu, qardaşlığı və birliyi nümayiş etdirən videoproyeksiya bir neçə gün davam edəcək.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.

Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Xatırladaq ki, zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb.

Fevralın 7-də isə ilkin olaraq mobil səhra hospitalı və 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyət qardaş Türkiyəyə yola düşüb. Sonra isə növbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar, habelə mobil səhra hospitalı üçün üç ədəd konteyner yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti