Bakı. Trend:
İran parlamentinin Azərbaycana qarşı bəyanatı Milli Məclisdə pislənib.
Trend-in məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, Azərbaycan torpaqları 30 il ərzində işğal altında qaldığı müddətdə İranın səlahiyyətli şəxsləri bir dəfə də olsun Azərbaycan ərazilərini işğal edən, Xocalı soyqırımını törədən, onlarla Azərbaycan kəndlərində soyqırımlar törətmiş Ermənistanın bu hərəkətlərinə qarşı heç bir bəyanat qəbul etməyib, əksinə Ermənistanla diplomatik əlaqələri və hərbi əməkdaşlığı genişləndirib.
“Bununla da Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətə şərik çıxdığını bir daha göstərib. Ona görə də İran parlamentinin bu ədalətsiz bəyanatını Azərbaycan xalqı, keçmiş məcburi köçkünlər, o cümlədən Ermənistandan qovulmuş qaçqınlar qətiyyətlə pisləyir”, - deyə B.Əliyev əlavə edib.
Deputat Azər Badamov Milli Məclisin bugünkü iclasında bildirib ki, İran Azərbaycanın uğurlu inkişafını və artan nüfuzunu həzm edə bilmir. “İran Azərbaycana nə edəcəyini göstərməsin. Azərbaycan müstəqil dövlətdir və münasibətlərini necə quracağını özü bilər. İran parlamenti yaxşı olardı ki, özünün antiislam, xəyanətkar əməllərindən əl çəksin. İslam dinini təhqir edən ermənilərlə sıx münasibətlər qurmaq əvəzinə İslam dəyərlərini müdafiə etsin”, - deyə A.Badamov bildirib.
Deputat Nizami Cəfərov isə bildirib ki, İranın mövqeyi çoxdan bəllidir. “Biz İranın mövqeyini Azərbaycan torpaqlarının işğal edilməsi zamanı bilirdik. İran qədər İslama xəyanət edə ikinci bir ölkə yoxdur. İran azərbaycanlıların yaşamaq hüquqlarını pozur. İran İsraillə bağlı bizim siyasətimizə qarışmasın. Azərbaycan digər ölkələrlə münasibətlər quran zaman heç kimlə məsləhətləşmir, məsləhətləşməyəcək də. Biz İsraildən dostluq, İrandan isə xəyanət görmüşük”, - deyə o əlavə edib.
Deputat Vüqar İskəndərov isə bildirib ki, İran parlementinin 210 deputatının bəyanətı İranın mövcud rejiminin dindən ancaq siyasi təzyiq və çirkin məqsədlərinə çatmaq üçün vasitə kimi istifadə etdiyi açıq-aydın görünür.
“Bəyanatdan görünür ki, İran öz anti-Azərbaycan siyasətinə İslam Əməkdaşlıq Təşkilatından (İƏT) da dəstək almaq istəyir. Lakin İran deputatlarının nəzərinə çatdırmaq istərdik ki, İran 30 il ərzində İƏT-in Ermənistanın işğalçılıq əməlləri ilə bağlı qəbul etdiyi qərarlara biganə yanaşıb. Onda nədənsə İran rejiminin və deputatarın yadına islam həmrəyliyi düşmürdü? Əskinə, islam dəyərlərini təhqir edən işğalçı Ermənistanla qardaş- bacı olublar! Etnik azərbaycanlılara bu ölkədə "ikinci sort" millət kimi baxılır. Onlar dövlət və digər vəzifələrə irəli çəkilmir. Bununla belə, İranda 40-dan artıq erməni kilsəsi, məktəbləri, mədəniyyət mərkəzləri açılır. Ermənilər İranda xüsusi imtiyazlara malikdirlər. Bütün bunlar əsas verir ki, İslam Əməkdaşlıq Təşkilatı İranın anti-islam fəaliyyəti ilə bağlı bəyanat qəbul etməlidir”, - deyə deputat bildirib.