...

Prezidentin İkinci Dünya müharibəsi iştirakçıları ilə bağlı Sərəncamı böyük tarixi-mənəvi əhəmiyyətə malikdir

Siyasət Materials 27 Aprel 2023 17:30 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyevin “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamı böyük tarixi-mənəvi əhəmiyyətə malikdir.

Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Polkovnik qeyd edib ki, İkinci Dünya müharibəsi və bu müharibədə iştirak edən yüz minlərlə soydaşımızın göstərdiyi qəhrəmanlıqlar tariximizin bir hissəsidir və biz bu tarixə daim ehtiram göstərməyə, qəhrəmanlarımızın xatirəsini yad etməyə borcluyuq.

İkinci Dünya müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ayrılmaz parçasıdır. Bu müharibədə 700 mindən çox azərbaycanlı iştirak edib, 300 mindən çox soydaşımız faşizmə qarşı mübarizədə qəhrəmancasına həlak olub. Azərbaycanlılardan ibarət 6 diviziya Avropa qitəsinin faşist işğalından azad edilməsində iştirak edib, bu müharibədə əsl igidlik və fədakarlıq nümunələri sərgiləyib. Yüzlərlə soydaşımızın faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Avropa dövlətlərinin ən ali hərbi medalları ilə təltif edilməsi bu həqiqətin isbatıdır.

Azərbaycan İkinci Dünya müharibəsində təbii resursları, iqtisadi potensialı ilə də yaxından iştirak edib. Məhz Bakı nefti faşizm üzərində qələbənin qazanılmasına həlledici təsir göstərib, bu həqiqət zaman-zaman dünyanın ən görkəmli hərbi-siyasi liderləri tərəfindən etiraf edilib.

Xalqımızın qəhrəman övladları müharibə dövründə ön xətlə yanaşı, arxa cəbhədə də böyük fədakarlıqlar sərgiləyiblər. Bu baxımdan Prezident İlham Əliyevin İkinci Dünya müharibəsində ön xətlə yanaşı, həm də arxa cəbhədə böyük əmək sərf edən, faşizm üzərində tarixi qələbəyə töhfə verən insanlara maddi yardımın verilməsi ilə bağlı Sərəncamı dövlətimizin başçısının İkinci Dünya müharibəsində hansı formada iştirak etməsindən asılı olmayaraq, hər kəsin xidmətinə ehtiramla yanaşdığını, onların sosial rifahını daim diqqət mərkəzində saxladığını göstərir. Biz buna görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.

“Onu da qeyd edim ki, Respublika Veteranları Təşkilatı olaraq İkinci Dünya müharibəsində böyük qəhrəmanlıqlara imza atan azərbaycanlıların ictimaiyyətə tanıdılması, onların qəhrəmanlığının təbliği, bu müharibədə itkin düşən soydaşlarımızın aqibətinə aydınlıq gətirilməsi və s. istiqamətdə daim ciddi iş aparırıq. Məhz Təşkilatımızın apardığı ardıcıl və əlaqəli fəaliyyət nəticəsində bu günədək xeyli sayda itkin soydaşımızla bağlı məlumatların aydınlaşdırılmasına, onların xatirəsinin müxtəlif ölkələrdə əbədiləşdirilməsinə nail olmuşuq.

İkinci Dünya müharibəsində soydaşlarımızın göstərdiyi qəhrəmanlıqların gənclər, yeniyetmələr arasında təbliği də əsas məqsədlərimizdən biridir. Bizim üçün qürurvericidir ki, İkinci Dünya müharibəsində soydaşlarımızın göstərdiyi qəhrəmanlıqlar onların nəvələri, nəticələri tərəfindən 2020-ci ildə 44 günlük Vətən müharibəsində Qarabağda yenidən təkrarlandı. Nəticədə dövlətimizin ərazi bütövlüyü təmin edildi. Bu fakt bir daha göstərir ki, Azərbaycan xalqı hər zaman-tarixin bütün həlledici məqamlarında böyük qəhrəmanlıqlar göstərməyə qadirdir və bundan sonra da qəhrəmanlığı ilə bütün dünyanı heyrətləndirməkdə davam edəcək”, - deyə C.Xəlilov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti