...

Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dönəmlərində mətbuatın inkişafına yüksək qayğı göstərib - Tahir Budaqov

Siyasət Materials 8 May 2023 10:42 (UTC +04:00)
Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dönəmlərində mətbuatın inkişafına yüksək qayğı göstərib - Tahir Budaqov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xalqının milli və mənəvi-siyasi sərvəti olan Heydər Əliyev ideyalarının hərtərəfli tədqiq olunması və geniş ictimaiyyətə çatdırılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Təbii ki, bu vəzifənin yerinə yetirilməsində Azərbaycan mətbuatının, dövlətlə cəmiyyət arasında mənəvi-ideoloji körpü rolunu oynayan media institutunun üzərinə xüsusi məsuliyyət düşür. Bu, həm də Azərbaycanda təşəkkül tapmış sağlam mətbuat ənənələrindən və əlverişli media mühitindən yararlanaraq peşə fəaliyyətini uğurla davam etdirən hər bir jurnalistin bu gün ehtiramla yad etdiyimiz Ulu Öndərin əziz xatirəsi qarşısında vəfa borcu və mənəvi öhdəliyidir.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda konfransda deyib.

T.Budaqov qeyd edib ki, çünki görkəmli dövlət xadimi, fenomenal şəxsiyyət Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dönəmlərində mətbuatın inkişafına yüksək qayğı göstərmiş, media nümayəndələrinin böyük dostu və himayədarı olub.

“1969-cu il 14 iyul tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikamıza rəhbərlik etməyə başlayan Heydər Əliyev SSRİ dönəmində Azərbaycan mətbuatının öz milliliyini qoruyub saxlamasına xüsusi diqqət yetirmişdir. Təsadüfi deyil ki, bu dövrdə mətbuatımız Azərbaycan dilinin saflığının və milli-mənəvi dəyərlərimizin qorunmasında, bütövlükdə isə respublikamızın mənafelərinin müdafiəsində önəmli rol oynayıb.

Müstəqillik dövründə isə Azərbaycan mətbuatının tarixində yeni bir dönəm – davamlı inkişaf mərhələsi başlamışdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə milli etimad əsasında - xalqın iradəsi ilə hakimiyyətə gəlməsindən sonra bütün istiqamətlərdə olduğu kimi, media sahəsində də islahat xarakterli məqsədyönlü tədbirlər həyata keçirilmiş, bu istiqamətdə əsaslı - müsbət dəyişikliklər baş vermişdir.

Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanla kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırılmış, onların maddi-texniki bazasının gücləndirilməsi yönündə ardıcıl tədbirlər həyata keçirilmişdir. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” qanunun qəbulu isə media institutunun inkişafına təkan verməklə milli maraqların qorunması, siyasi-ideoloji sahədə cəmiyyətin maarifləndirilməsi, ölkə daxilində və dünyada baş verən proseslərin peşəkar təhlili və sağlam ictimai rəyin formalaşdırılması istiqamətlərində səmərəli fəaliyyət göstərməsi üçün etibarlı zəmin və geniş imkanlar yaratmışdır.

Heydər Əliyev ideyaları zaman və məkan anlayışlarının fövqündədir, daim ölkəmizin inkişafına xidmət etmişdir, bu gün də Azərbaycanın tərəqqisinin mənəvi-siyasi əsaslarını təşkil edir. Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Ulu Öndərin əbədiyaşar ideyalarına, zəngin dövlətçilik irsinə əsaslanan məqsədyönlü və uzaqgörən siyasəti ilə ölkəmizə möhtəşəm nailiyyətlər qazandırıb, inkişafın Azərbaycan modelini yaradıb.

Cəmiyyət həyatının bütün istiqamətlərində olduğu kimi, media sahəsində də müasir çağırışlara uyğun islahatlar reallaşdırılmış və təqdirəlayiq uğurlar qazanılmışdır. Demokratik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycanda söz azadlığı təmin olunmuş, jurnalistlərin peşəkarlığının yüksəldilməsi, rifahının yaxşılaşdırılması, kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin artırılması daim diqqət mərkəzində olmuşdur. Xüsusi qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin yaradılması, eyni zamanda, Media haqqında Qanunun qəbulu yeni mərhələdə milli mətbuatın inkişafında müstəsna rola malikdir.

Bütün bu reallıqların nəticəsi kimi, media nümayəndələri də öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə müasir informasiya cəmiyyəti quruculuğunda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəmizə qarşı dezinformasiya və qara piar kampaniyalarının iflasa uğradılmasında, dövlətçilik mənafelərinin və milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayırlar. Dövlət başçısının qeyd etdiyi kimi: “Azərbaycan jurnalistikası inkişaf edir, cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır”.

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın möhtəşəm Qələbəsi ilə nəticələnən və çoxəsrlik tariximizin şanlı qürur səhifəsi olan 44 günlük Vətən müharibəsi mətbuat nümayəndələrinin də vətənpərvərliyini, fədakarlığını və peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər yürüşünə çıxan igid əsgər və zabitlərimizin unudulmaz qəhrəmanlıqları ilə yanaşı, arxa cəbhədə - ideoloji və təbliğat müstəvisində mübarizə aparan dəyərli qələm sahibləri - vətənpərvər və peşəkar jurnalistlərimiz Azərbaycanın mənafelərini qətiyyətlə qorumuş, həqiqi reallıqları beynəlxalq ictimaiyyətə çatdırmaqla erməni yalanlarını ifşa etmişlər. Eyni zamanda, müharibə zamanı əlinə silah alıb döyüşlərdə iştirak edən xeyli sayda jurnalistlərimizin də olması qürurvericidir.

Təqdirəlayiq haldır ki, Azərbaycan mediası postmüharibə dövründə də öz missiyasını uğurla yerinə yetirir və fəaliyyətini yeni reallıqlara, mövcud çağırışlara uyğun qurur”, - deyə T.Budaqov vurğulayıb

O qeyd edib ki, Ümummilli Liderimizin Azərbaycan xalqına tarixi-siyasi mirası olan Yeni Azərbaycan Partiyası media ilə əməkdaşlığa böyük əhəmiyyət verir və bu istiqamətdə ardıcıl addımlar atılır.

“Nəzərinizə çatdırmaq istəyirəm ki, “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda jurnalistlər arasında fərdi yazı müsabiqəsi elan edilmişdir. Məqsəd Ümummilli Liderin həyat yolunun, xalqımız qarşısında müstəsna xidmətlərinin, zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının hərtərəfli tədqiq olunaraq geniş ictimaiyyətə çatdırılması və yeni nəslə aşılanması, jurnalistlərin yaradıcılıq fəaliyyətinin stimullaşdırılmasıdır.

Azərbaycanın müasir dövlətçilik tarixinin taleyüklü bir mərhələsində - böyük Zəfərdən sonra istər ölkəmizdə, istərsə də bütövlükdə regionda yeni çağırışların meydana çıxdığı və yeni milli hədəflərin reallaşdırıldığı bir dönəmdə dövlətimizin informasiya təhlükəsizliyinin keşiyində duran milli mətbuatın da üzərinə mühüm vəzifələr düşür. Xüsusilə də, media mənsublarımızın peşəkar fəaliyyəti tarixi Qələbənin istər diplomatiya müstəvisində, istərsə də informasiya platformasında möhkəmləndirilməsi, qarşıda duran strateji məqsədlərin reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Şübhə yoxdur ki, Azərbaycan mətbuatı bundan sonra da ölkəmizin tərəqqisi yönündə həyata keçirilən uğurlu dövlət siyasətinə ardıcıl informasiya dəstəyi göstərəcək, möhtəşəm nailiyyətlərin və yeni qələbələrin müjdəçisi olacaq.
Heydər Əliyev ideyalarına böyük ehtiram əlaməti və sədaqət nümunəsi olaraq daha güclü Azərbaycan naminə davam etdirdiyiniz şərəfli və məsuliyyətli fəaliyyətinizdə hər birinizə yeni yaradıcılıq uğurları arzulayıram”, - deyə T.Budaqov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti