Bakı. Trend:
Prezident İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü Azərbaycanın diplomatik üstünlüyü ilə keçib. Görüşün nəticələrinə əsasən deyə bilərik ki, görüş Azərbaycanın müəyyən etdiyi sülh gündəliyinə uyğun baş tutub və ölkəmizin mövqeləri prinsipial olaraq təmin olunb.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O bildirib ki, Azərbaycan növbəti dəfə diplomatik qələbə qazandı və 44 günlük Vətən müharibəsində döyüş meydanında əldə edilən qələbəni diplomatik müstəvidə də davam etdirdi.
“Şarl Mişel görüşdən sonra mətbuata açıqlamasında bildirdi ki, liderlər Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə etdilər. Məlumdur ki, Azərbaycan dəfələrlə sülh danışıqlarının tərəfdarı olduğunu bəyan edib və Ermənistanla sülh müqaviləsi imzalanmasını təklif edib. Lakin Ermənistan tərəfi hər zaman destruktiv mövqe nümayiş etrirərək və ya təxribatlar törədərək sülh danışıqlarını əngəlləməyə çalışıb. Elə Ermənistan tərəfindən törədilən son təxribatlar da bu görüşün nəticələrinə təsir etmək məqsədi daşıyırdı. Lakin ordumuzun düşmənə layiqli cavabı Ermənistanın bu məkrli planını da fiaskoya uğratdı və Ermənistan sülh danışıqlarını bərpa etməyə məcbur oldu”, - deyə deputat bildirib.
O qeyd edib ki, ikinci vacib məqam sərhədlərin delimitasiyası ilə bağlı idi.
“Görüş zamanı sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəlinib. Sərhədlərin delimitasiyasını əngəlləyən məhz Ermənistanın özü idi. Azərbaycan heç zaman bu prosesdən geri çəkilməyib. Sərhədlərin delimitasiyası Azərbaycanın maraqlarına tam uyğun olan məsələdir. Ermənistan isə hər zaman müxtəlif bəhanələrlə bu prosesi ləngitməyə çalışıb. Brüssel görüşündə belə bir razılaşmanın əldə olunması Ermənistanın prosesi ləngitmək imkanlarını əlindən almış oldu.
Digər mühüm məsələ isə regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı razılığın əldə olunmasıdır. Azərbaycan bu məsələ üzərində təkidlə dayanırdı. Ermənistan müəyyən müddət dəhlizin açılmasını yubatmağa çalışsa da, artıq mövqeyinin doğru yolda olmadığını anlayaraq Azərbaycanın mövqeyini qəbul edir”, - deyə deputat bildirib.
O qeyd edib ki, görüşün nəticələri bir daha təsdiq etdi ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar dünya birliyi tərəfindən qəbul edilir: “Ermənistan artıq başa düşməlidir ki, onun təxribatçı mövqeyi, regionda dayanıqlı sülhün əldə olunması yolunda yaratdığı əngəllər dünya birliyi tərəfindən qəbul olunmur. Ermənistan anlamalıdır ki, əldə olunmuş razılıqlardan yayınmaq ölkə üçün yaxşı heç nə vəd etmir”.