...

Qərb, sənin neçə üzün var?

Siyasət Materials 27 İyul 2023 18:36 (UTC +04:00)
Qərb, sənin neçə üzün var?
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Gücsüz ədalət zəiflik, ədalətsiz güc isə istibdaddır. Ədalət barədə fasiləsiz danışan, başqalarından ədalətli davranış tələb edən özü ədalətsizlik edirsə - ədalət gözdən düşür, adi sözə çevrilir.

Rəsmi qeydiyyata alınmamış Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sabiq sədri, iqtisadçı, professor Qubad İbadoğlu həbs olunub. O, FETÖ terror təşkilatı ilə sıx ələqalərdə şübhəli bilinir.

Bu ayın əvvəlində İngiltərə və Uels üçün Xeyriyyə Komissiyası Böyük Britaniyanın paytaxtı Londonda təsis olunmuş Azərbaycan Gənclərinin Təhsil Fondunu qeydiyyata alıb. Fondun təşkilatları arasında Qubad İbadoğlu da var.

O qeyd edib ki, Azərbaycan Gənclərinin Təhsil Fondunun başlıca məqsədi gənclərin xaricdə təhsil almasına, gənc alimlərin araşdırmalarını beynəlxalq elmi konfranslarda təqdim etməsinə dəstək verməkdir:

"Söhbət təşkilati, məsləhət və maliyyə formatlı dəstəkdən gedir. Əsas maliyyə mənbəyi kimi ianələr nəzərdə tutulur. Fondun digər təsisçiləri Milli Şurasının fəxri sədri Cəmil Həsənli, sabiq səfir Arif Məmmədovdur.

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu iyulun 23-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi (mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Qubad İbadoğlu ittihamları qəbul etmir.

Yaxınları bəzi xəstəlikləri olduğu bildirilən Qubad İbadoğluna dərman və sovqat çatdırılmasına şərait yaradılmamasından şikayətləniblər.

Bu arada Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsi ilə bağlı birgə bəyanat yayıblar.

Sənəddə vurğulanır ki, "beynəlxalq səviyyəli alim" Qubad İbadoğlunun iyulun 23-dəki həbsini yaxından izləyirlər: "Azərbaycanın öz vətəndaşlarının, o cümlədən Q. İbadoğlunun əsas azadlıqlarını və insan hüquqlarını Azərbaycan konstitusiyasına, beynəlxalq öhdəliklərinə uyğun olaraq müdafiə etməsi çox vacibdir".

Bəyanat müəllifləri Azərbaycan hökumətini Q.İbadoğlunun dərman vasitələrin təminatı və ədalətli məhkəmə prosesi daxil olmaqla, insan hüquqlarına hörmətlə yanaşılmasına çağırıblar.

Bəyanat Azərbaycanın daxili işlərinə kobud, tərbiyəsiz və qaba şəkildə qarışmaq cəhdidir.

Heç bir ölkənin hər hansı dövlətdəki səfirliyi həmin məkanın sosiumunda və ya daxili siyasi müstəvisində yaşanan proseslərlə bağlı ultimativ qaydada bəyanat verməyə birmənalı olaraq səlahiyyətli deyil, ola da bilməz.

Səfirliklərə belə primitiv təzyiq formalarına əl atmamağı məsləhət görərdik. Əks təqdirdə, Azərbaycanın müvafiq ölkələrdəki səfirliklərinin həmin dövlətlərdəki saxlanmalar, həbslər və s. ilə bağlı bəyanatlar vermək üçün yetərincə faktoloji əsasları tapıla bilər.

Ümid edirəm hörmətli səfirlər nə demək istədiyimi anlayarlar...

Qubad İbadoğlunun səhhəti və durumu ilə bağlı diplomatlar maraqlana bilərlər.

Lakin bu məqama keçməzdən əvvəl bəzi nüansları xatırladaq.

Daxili İşlər Nazirliyinin olayla bağlı açıqlamasında qeyd olunub ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.

Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb, Q.İbadoğlu saxlanılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu 2008-2009-cu tədris ilində ABŞ-ın Şimali Karolina Universitetində çalışıb. Bu universitetin adı daim FETÖ üzvlərinə yaxınlığı ilə hallanıb. 2015-2016-cı illərdə Dyuk Universitetində, 2018-2021-ci illərdə isə Ratqers Universitetində işləyib.

2019-cu ilin iyulun 23-də fetogercekleri.com saytında dərc olunmuş "ABŞ professorlarından FETÖ manipulyasiyası - FETÖ gerçekleri" başlıqlı məqalədə "15 iyul çevriliş cəhdi"ndən sonra 50 professorun hüquq-mühafizə orqanlarının xaric edilmiş əməkdaşlarına dəstək məktubu yayımlanıb. Dəstək məktublarının müəllifləri siyahısında Şimali Karolina Universitetinin professoru Cozef Kunsun və Ratqers Universitetinin professorları Kolin Çin və Ron Klarkın da adları var.

Bundan başqa, "Habertürk" televiziya kanalında 2020-ci ilin 9 sentyabrında yayımlanan "Florida Beynəlxalq Universitetinin tələbəsi FETÖ-nün ODTÜ-dəki təşkilatlanmasını üzə çıxardı" adlı xəbərdə terror təşkilatının Ankaradakı "Kaan" təxəllüslü gizli imamının da Şimali Karolina Universitetində işlədiyi qeyd olunub.

Həmçinin, Türkiyə mediası FETÖ-yə bağlı olan professor Abdullah Anteplinin də Dyuk Universitetində işlədiyini yazıb.

Qayıdaq ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın Azərbaycandakı səfirliklərinin bu günlərdə saxlanılmış ADR sədri Qubad İbadoğlu ilə bağlı tvit paylaşmalarına.

Azərbaycanda saxlanılan vətəndaşımızın, - konkret halda Qubad İbadoğlunun - səhhəti və durumu ilə maraqlanmaq olar. Hətta gərəkdir də, çünki ailə üzvlərinin iddia etdiklərinə görə, cənab İbadoğlunun səhhətində problemlər var.

Səfirlik mənsublarının humanizmini təqdir də etmək olardı, amma elə həmin fransızlar demişkən, "İblis təfərrüatlarda gizlənir".

Bəyanat səfirliklərin yox, ABŞ, Britaniya, Fransa və Almaniyanın XİN-lərinin mövqeyi kimi də qələmə verilə, anlaşıla bilər: zatən səfirliklər dövlətlərinin rəsmi mövqelərini nümayiş etdirirlər hərdaim.

Belə bəyanatlar siyasətin yazılmış və yazılmamış qaydaları, diplomatik etika və prosedurlar, habelə dövlətlərarası münasibətlərin nəzərə alınması şərtilə olmalıdır.

Şübhəsiz və sözsüz ki, insan haqları məsələsi heç bir dövlətin daxili işi deyil: hansısa ölkədə konkret fərdin və ya fərdlərin hüquqları pozulursa, hamının, o cümlədən Azərbaycanın proseslə bağlı mövqe bildirmək hüququ var.

Fəqət, konkret halda, səfirliklər əndazəni aşıblar.

Qubad İbadoğluya qarşı sadəcə, ittiham irəli sürülüb və istintaq gedir. İbtidai istintaqın, təhqiqatın yeni başladığı bir zaman bəhs etdiyim bəyanat bilavasitə istintaqın gedişinə təsir göstərmək, sosial şəbəkələrdə və cəmiyyətdə ajiotaj yaratmağa, bununla da rəsmi Bakıya təzyiq göstərməyə cəhddir.

Bəyanat həm də sözügedən səfirliklərin mövcud reallıqları dürüst qiymətləndirə bilməməsinin göstəricisidir. Əksi olsaydı, səfirlikdə bu "dəstəknamə"ni hazırlayanlar bilərdilər ki, onillər əvvəl olduğu təki, Bakıya pressinq vasitəsilə nəyəsə nail ola bilərlər, yanılırlar.

Q.İbadoğlu, vurğuladığımız kimi, FETÖ ilə əlaqələrdə şübhəli bilinir.

Bir daha təkrarən yazıram: ŞÜBHƏLİ BİLİNİR. Sadəcə, bu.

FETÖ terror təşkilatıdır, bu təşkilatın rəhbəri ABŞ-ın Pensilvaniya ştatındakı superlüks malikanədə yaşayır, onu ABŞ-ın müvafiq strukturları qoruyur.

FETÖ ancaq Türkiyədə yox, dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda geniş şaxələnmiş şəbəkə qurmuşdu.

Onu da xatırladaq ki, Qubad İbadoğlu Cəmil Həsənli ilə birlikdə bir sıra Qərb ölkələrindəki təşkilatlardan böyükhəcmli qrantlar alıblar. Qrant layihələrini həyata keçirən bu iki şəxsin aldıqları vəsaitləri hansı istiqamətlərə yönəltdikləri də suallar doğuran məsələdir.

Belədirsə, səfirliklərin "kollektiv" bəyanatını xərcələnən məbləğin və qurulan layihənin boşa çıxması, məqsədlərin puç olması kimi anlaya bilərikmi?

Elədirsə, onda Q.İbadoğlu ilə C.Həsənli barədə planları doğrulmayan təşkilatlara "keçmiş olsun" deyə bilərik sadəcə.

Qərbin Bakıya təzyiqləri isə mənasızdır, isteriya təsiri bağışlayır.

Necə ki, Macarıstanda baş nazir Viktor Orbana Qərb ölkələri çox ağır pressinqə əl atmağa çalışmışdı, amma rəsmi Budapeşt bu təzyiqləri dəf edərək siyasətini əsla dəyişmədi.

Budapeşt məğlubiyyətini Qərb indi Bakıda yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti