...

Azərbaycanın razılığı olmadan Qafan hava limanı fəaliyyət göstərə bilməz - Hikmət Babaoğlu

Siyasət Materials 19 Avqust 2023 11:53 (UTC +04:00)
Azərbaycanın razılığı olmadan Qafan hava limanı fəaliyyət göstərə bilməz - Hikmət Babaoğlu

Bakı. Trend:

Azərbaycanla razılaşdırılmayan hava limanı əsla fəaliyyət göstərə bilməz.

Trend xəbər verir ki, bu sözləri, TurkicWorld-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

"Ermənistan sülhün əldə edilməməsi üçün mümkün bütün təxribatlara əl atır. Ancaq unudur ki, sülh hal-hazırda daha çox onların özünə lazımdır. Çünki hərbi-strateji üstünlük və mövcud beynəlxalq şərtlər Azərbaycanın lehinədir. Üstəlik zaman da Azərbaycanın lehinə işləyir. Yəni, bugünki şərtlərlə sülh imzalamaq istəməyən Ermənistan, çox keçmədən indiki şərtlərlə sülh üçün yalvarmalı olacaq. Ancaq onda da təbii ki, Azərbaycan yaratdığı daha üstün şərtlərlə sülh istəyəcək. Ermənistan Qafan hava limanı təxribatındansa, ilk növbədə Azərbaycanla sülhə nail olmağa çalışmalıdır", - deyə deputat bildirib.

Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycanla sərhədin dibində yerləşən, üstəlik, 1987-1991-ci ilə qədər əhalisinin mütləq əksəriyyəti azərbaycanlılardan ibarət olan, hazırda isə Zəngəzur dəhlizinin üzərində əsas keçid məntəqələrindən biri olan Qafanda bütün bu məsələlərə aydınlıq gətirilmədən, sərhədlər ən azı demarkasiya edilmədən, Qafana qayıdacaq azərbaycanlıların hüquqları bərpa olunmadan tələm-tələsik belə bir addımın atılması absurddur.

"Qafan rayonunun relyefi və coğrafiyası olduqca mürəkkəbdir. Kiçik Qafqazın yüksək zirvələri ilə əhatə olunduğuna və bu zirvələr Azərbaycanın dövlət sərhəddi ilə kəsişdiyinə görə Azərbaycanın hava məkanını pozmadan təyyarələrin enib – qalxması mümkün deyil. Sovet dövründə sərhədlər şərti və ortaq olduğu üçün təyyarələrin hansı sərhəddi nə qədər pozması o qədər də ciddi qanun pozuntusu hesab edilmirdi. Ancaq indi söhbət iki müstəqil və eyni zamanda Ermənistanın antisülh siyasəti ucbatından müharibə vəziyyətində olan ölkədən gedir. Üstəlik, hər kəsə aydındır ki, Ermənistan bu hava limanı vasitəsilə sərhədlərimizə müxtəlif silah-sursat növləri daşıyacaq və bu limanı həm də hərbi liman kimi istifadə etmək üçün əlindən gələni edəcək. Ona görə də sərhəd hava limanları ilə bağlı məsələlər Avropada necə qonşu ölkələr arasında xüsusi razılşma ilə nizamlanırsa, ermənilər də bunu etməlidirlər"- deyə Milli Məclisin deputatı vurğulayıb.

H.Babaoğlu əlavə edib ki, əks təqdirdə, Azərbaycanla razılaşdırılmayan hava limanı əsla fəaliyyət göstərə bilməz. Azərbaycan öz təhlükəsizliyini təhdid edən belə bir obyektin istismar olunmasına yol verməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti