...

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağda fəaliyyətinə heç bir ehtiyac yoxdur - Deputat

Siyasət Materials 24 Avqust 2023 16:48 (UTC +04:00)
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağda fəaliyyətinə heç bir ehtiyac yoxdur - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan özü özünü tam təmin edən ölkədir, o cümlədən humanitar sahədə geniş təcrübəyə malikdir. Həmçinin Azərbaycanda 100 ildən artıq tarixi olan Qızıl Aypara Cəmiyyəti fəaliyyət göstərir. Bu baxımdan Azərbaycan Qarabağda yaşayan mülki erməni əhalisinə də humanitar yüklərin çatdırılmasını tam məsuliyyəti ilə və lazımi qaydada həyata keçirə bilər.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, bu gün Qarabağda erməni əhaliyə humanitar yüklərin çatdırılması vəzifəsini üzərinə götürən Beynəlxalq Qırmızı Xaç Komitəsi öz funksiyasını yerinə yetirmir, qanun pozuntularına yol verir, humanitar yük adı ilə Qarabağdakı separatçılara təchizat apararaq öz missiyasından kənara çıxır.

“Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılmışlar.

Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.

Ümumiyyətcə BQXK-nin beynəlxalq müstəvidə fəaliyyətinə nəzər salsaq görərik ki, təşkilat fəaliyyətini elan etdiyi prinsiplərə uyğun qurmur, hətta bir sıra ölkələrdə mənimsəmə, korrupsiya hallarına yol verilir, humanitar yardımların satılması kimi neqativ hallar baş verir.

Liberiyada BQXK əməkdaşları tərəfindən proqramın həddindən artıq şişirdilməsi, Syerra-Leonedə yerli bankirlərlə “sövdələşmə”nin olduğu, Qvineyada saxta gömrük hesab-fakturalarının tərtib ediməsi kimi neqativ hallar aşkarlanıb. Belə olan halda BQXK-nin Qarabağda fəaliyyəti də çoxlu suallar yaradır.

1997-ci il Sevilya razılaşmasına 2022-ci ildə razılaşmaya edilmiş müvafiq əlavələrə əsasən, qırmızı Xaç və Qızıl Aypara təşkilatları hər hansı ölkədə təmsil olunursa, həmin ölkələrdə fəaliyyətlərini əlaqələndirilmiş formada həyata keçirməlidirlər. Amma Qırmızı Xaçın Bakı və Xankəndi ofisləri Qızıl Aypara ilə bu əlaqələndirməni həyata keçirmirlər”, - deyə deputat bildirib.

Deputat vurğulayıb ki, yuxarıda sadalanan halları nəzərə alsaq, Azərbaycanda Qızıl Aypara cəmiyyəti fəaliyyət göstərdiyi halda Qırmızı Xaç Komitəsinin fəaliyyətinə heç bir ehtiyac yoxdur. “Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməni əhalisinə humanitar yüklərin lazımi qaydada çatdırılması işini həyata keçirmək üçün kifayət qədər potensiala malikdir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti