...

Paşinyanın vəziyyəti çox pisdir: Ermənistan Qərblə Rusiya arasında qarşıdurma məkanına çevrilə bilər

Siyasət Analytics 8 Sentyabr 2023 10:10 (UTC +04:00)
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan rəhbərliyi indi siyasi və ən pisi, tarixi dalandadır.

Azərbaycanla faktiki münaqişə vəziyyəti "nə hərb, nə sülh" səviyyəsinə qədər gərginləşib. Ermənistanın daxilindəki siyasi və iqtisadi problemlər, maliyyə böhranı - Rusiyaya paralel ixrac və Ukraynadakı müharibəyə səfərbərlik "sayəsində" yollanmamaq üçün ölkədən qaçaraq İrəvana sığınan rusiyalı relokantların xərclədikləri pullar hesabına süni, müvəqqəti "inkişaf rəqəmləri" ciddi arqument deyil - baş nazir Nikol Paşinyana stabil daxili siyasətlə yanaşı, normal və ya adekvat xarici siyasət yürütməyə də imkan vermir.

Paşinyanın və komandasının şüarları dəyişməyib: ermənilərə xarici düşmən qismində Azərbaycan göstərilir. Amma revanşist və hələ də xəyallar aləmində yaşayan erməni həmcinslərindən fərqli olaraq Paşinyanın komandasındakılar aydın dərk edirlər ki, Azərbaycanla hərbi əməliyyatlar aparmaq Ermənistanın işi deyil. Üstəlik, 44 günlük İkinci Qarabağ Müharibəsi göstərdi ki, ermənilər yenidən müharibə eşqinə düşsələr, ölkələri ilə vidalaşa bilərlər.

Ermənistanın daxili iqtisadi və sosial problemlərinə gəldikdə isə, Paşinyan iqtidarı onları həm qlobal miqyasdakı böhranların sonucu olduqlarına görə, həm də müşkülləri çözmək üçün hara və necə hərəkət etmək gərəkdiyini bilmədikləri səbəbindən aradan qaldıra bilmir.

Səbəb həddən ziyadə sadədir: İrəvan hakimiyyətində daxili resurslara, imkanlara hesablanan, xarici təsirlərin və şərtlərin məntiqi dəyərləndirilməsinə əsaslanan inkişaf kursunu müəyyənləşdirəcək insanlar yoxdur.

Ermənistanın sürəkli hami və dayaq axtarışları, indi Hindistanla Yunanıstana bel bağlaması, Fransanın ermənilərin xilaskarı olduğunu düşüncəsinin geniş yayılması məhz bəhs etdiyimiz vurnuxmaların nəticəsidir.

Rusiya Federasiyası heç bir halda Azərbaycanla münasibətləri korlamaq və illah da ki, ermənilərə görə döyüşə qatılmaq istəmir. Məsələ heç də Azərbaycan-Türkiyə müttəfiqliyində, Şuşa bəyannnaməsində deyil.

Geosiyasi və geostrateji baxımdan Azərbaycan hazırda bütün Cənubi Qafqaz regionunda stabilliyin təminatçısı, əsası və bazisidir.

Rəsmi Bakı ilə Moskvanın normal, sürəkli inkişaf edən əlaqələri var.

Ermənistandakı Qərbə meyllənmə şüarçılığı və xüsusilə də İrəvan iqtidarının son vaxtlar aşkar anti-Rusiya ritorikası ermənilər üçün pis nəticə verə bilər.

Ermənilər unudurlar ki, əsrlər boyu Rusiyanın köləsi olduqlarıan görə indi qəflətən Moskva istiqamətinə ultimativ bəyanatlar vermək onların ölkəsini Qərblə Rusiya arasında aşkar qarşıdurma məkanına çevirə bilər.

İrəvan sülh danışıqlarını bundan sonra da gecikdirərsə, Rusiya Sülhməramlı Kontingentinin (RSK) yerləşdiyi ərazilərdə daldalanan və özlərini çox rahat hiss edən təqribən 10 min nəfər silahlı separatçını, yəni potensial terrorçuları tərksilah edərək Azərbaycan ərazisindən çıxarmazsa, vəziyyət çox gərginləşəcək.

Bakının səbr kasasının daşacağı təqdirdə ermənilərin bunca güvəndikləri Qərb onlara əsla yardım etməyəcək.

Ermənistan isə öz ərazisində sentyabrın 11-dən 20-dək ABŞ hərbçiləri ilə birgə hərbi təlimlər keçirməyi planlaşdırıb.

Ermənistanın Müdafiə Nazirliyi bəyan edib ki, “Eagle Partner 2023” adlı təlimlər erməni hərbçilərin sülhməramlı missiyalara hazırlıq səviyyəsinin artırılması ilə bağlıdır. Təlimlərdə Ermənistandakı bir neçə poliqondan və Müdafiə Nazirliyinin təlim mərkəzlərindən istifadə olunacaq.

Göründüyü kimi, ABŞ Ermənistanı artıq hərbi təsir orbitinə daxil etməyə çalışır.

Nikol Paşinyan iqtidarı bu təlimləri az qala Qərbin Ermənistanı NATO-ya dəvəti qismində qələmə verməyə çalışsa da, növbəti illüziya, xam xəyal və propaqandadır. Şimali Atlantika Alyansında kimsə Ermənistanı gözləmir və yaxın onilliklər ərzində İrəvanın bu struktura qatılması yalnız fərziyyə sayıla bilər.

Lakin bütün bunlara rəğmən, Birləşmiş Ştatlar “işləyən nəsnəni dəyişməyə gərək yox” strategiyasına sadiq qalaraq psevdolibertarian şüarlar və vədlərlə Ermənistanı öz tərəfinə çəkərək Rusiyanın təsirindən tam çıxarmaq niyyətindədir.

ABŞ-ın dövlət katibi Entoni Blinkenin telefon danışıqları da bəhs etdiyimiz məqamlara dəlalət edir və göstərir ki, hazırda Azərbaycan-Ermənistan danışıqları trekində hadisələr iki istiqamətdə - daxili və xarici dinamikalar - inkişaf etməkdədir.

Birləşmiş Ştatlarda erməni diasporu çox aktivləşib və ölkə rəhbərliyindən rəsmi Bakıya ən sərt formada təzyiq edərək Laçın yolunun dərhal açılmasını tələb edirlər.

ABŞ Konqresinin insan haqları komissiyasında (Tom Lantos komissiyası) “Laçın yolunun blokadası” ilə bağlı dinləmələrin keçirilməsi, Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun hesabatla çıxış edərək “qarabağlı ermənilərin humanitar fəlakətlə üzləşməsi” kimi dezinformasiyanı dilə gətirməsi erməni diasporunun fəaliyyətinin birbaşa nəticəsidir.

Onu da unutmayaq ki, “Azadlığa Dəstək Aktı”na edilmiş 907-ci düzəliş hələ də ləğv edilməsi və bu, faktiki olaraq Bakıya açıq təzyiq cəhdidir.

Amma maraqlı məqam var: Tom Lantos komissiyasındakı dinləmələrə ABŞ Dövlət Departamenti dəvət alsa da, qurumdan kimsə “müzakirə”lərə qatılmamışdı. Beləcə, prezident Co Baydenin administrasiyası erməni diasporuna aydın messic verərək Ağ Evin birtərəfli mövqe tutmaq və Bakı ilə münasibətləri sərinləşdirərək Cənubi Qafqazdakı təsir imkanlarını zəiflətmək niyyətində olmadığını göstərdi.

Digər tərəfdən, erməni diasporunun və bu diasporun maliyyləşdirdiyi konqresmenlərin, senatorların və s.-nin tələblərini Ağ Ev qəbul etmir. Bayden administrasiyası anlayır ki, bu tələblərin kiçik formada da olsa, dəstəklənməsi rəsmi Bakı tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qəsd, erməni separatizminin təşviqi kimi qəbul ediləcək.

Məhz buna görə müxtəlif “təşəbbüslər və tələblər” ABŞ hakimiyyəti tərəfinlən qəbul olunmur.

Əks təqdirdə ABŞ obyektiv vasitəçi imici ilə yanaşı, Cənubi Qafqazdakı geosiyasi və iqtisadi mövqelərinin əhəmiyyətli hissəsini itirə bilər.

Fransadan fərqli olaraq, ABŞ rəhbərliyi dərk edir ki, “Laçın yolu dərhal açılmalıdır, qarabağlı ermənilərin humanitar fəlakətinə və aclıqla üzləşmələrinə son qoyulmalıdır” məzmunlu absurd şüarı gündə 150 dəfə təkrarlasalar da, bu kəlmələr beynəlxalq hüququn prinsipləri ilə üzləşəndə puç olur.

Azərbaycan Laçın yolunu qapatmayıb: ölkəmiz bu yolda sərhəd və gömrük nəzarətini həyata keçirir. Ermənistan qarabağlı ermənilərə nə isə yollamaq istəyirsə, gömrük rüsumlarını ödəsin, yük sərhəd nəzarətindən keçirilsin, sonra Xankəndinə daşınsın.

Bu prosedurun alternativi yoxdur, ola da bilməz.

Azərbaycan beynəlxalq hüquqa əsaslanır, ekstraordinar heç nə tələb etmir, qeyri-adi şərtlər irəli sürmür.

Ola bilsin ki, sentyabrın 20-22-də BMT Təhlükəsizlik Şurasının növbəti iclası ərəfəsində, 17-18 sentyabr tarixlərində Vaşinqtonda Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş olsun. Həmin görüşdə sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlar prosesindəki indiki vəziyyət müzakirə oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti