Bakı. Trend:
Rumıniya üçün çətin vaxtlarda Azərbaycanın göstərdiyi yardıma görə, Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm.
Trend xəbər verir ki, bunu Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri Alfred-Robert Simonis Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü zamanı deyib.
O, qeyd edib ki, ölkələrimiz arasında sıx əlaqələr mövcuddur. Deputatlar Palatasının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniyaya, Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfərlərinin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinin təzahürü olduğunu bildirib.
Deputatlar Palatasının sədri iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafı, bu sahədə dostluq qruplarının rolu, həmçinin Rumıniya ilə Azərbaycan arasında enerji sahəsində həyata keçirilən birgə layihələrin Avropanın enerji təhlükəsizliyinə töhfəsi barədə fikirlərini bölüşüb. O, Rumıniya üçün çətin vaxtlarda Azərbaycanın göstərdiyi yardıma görə, Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova Ruminyada rəsmi səfərdədir.