...

Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib

Siyasət Materials 14 Oktyabr 2023 11:11 (UTC +04:00)
Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 11 oktyabr tarixində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü zamanı çıxışında bir çox vacib məsələlərə toxunmuş və mühüm mesajlar vermişdir. Bildirilmişdir ki, Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bütün istiqamətlər üzrə və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur. Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən bəhs olunarkən qeyd olunmuşdur ki, 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycan dövlətinin tarixi torpaqlarına açıq formda ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə azərbaycanlılara qarşı hərbi təcavüzlə nəticələnib.

Qarabağ əsrlər boyu, minilliklərlə bu ərazidə yaşamış azərbaycanlıların məskunlaşdığı qədim torpaqdır. Kürəkçay sülh müqaviləsindən sonra Azərbaycan xanlıqları ilə Rusiya arasında digər Azərbaycan xanlıqlarının, o cümlədən İrəvan xanlığının da Rusiyanın tərkibinə daxil olduğu daha iki 1813-cü ildə Gülüstan sülh müqaviləsi və 1828-ci ildə Türkmənçay müqaviləsi olub.

Cənubi Qafqazın sovetləşdirilməsindən sonra Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. XIX əsrdə erməni əhalisinin İrandan və Şərqi Anadoludan Azərbaycan ərazilərinə kütləvi köçü başlandı. Artıq Sovet İttifaqında mərkəzdənqaçma meyilləri başlayan vaxtda, erməni separatçılığının və təcavüzkar ekstremizmin baş qaldırdığı 1980-ci illərin sonunda qeyri-rəsmi ekstremist təşkilatları yaradıldı, mərkəzi sovet rəhbərliyi tərəfindən buna lazımı qiymət verilmədi, bir çox hallarda isə onları dəstəklədilər.

Rəsmi İrəvanın təxribatçı siyasəti müharibəni qaçılmaz etdi. Ermənistanın təxribatları və hərbi cinayətləri 2020-ci ilin sentyabrında 44 gün davam edən, Ermənistan ordusunun tamamilə darmadağın olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başlanmasına gətirib çıxardı.

19 sentyabr tarixində başlayan lokal antiterror tədbirlərin səbəblərindən danışarkən cənab Prezident bildirmişdir ki, sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi və sentyabrın 19-da Azərbaycana lokal antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı. Bir gündən az davam edən lokal antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində nəzarət tam bərpa olundu.

Fransanın 2020-ci ildən başlayaraq bu günə qədər qeyri-konstruktiv və təxribatçı rol oynadığını qeyd edən cənab Prezident İlham Əliyev bildirmişdir ki, bu dövlətin Azərbaycanın ünvanına səslənən çoxsaylı ittihamlar, əsassız təhdidlər və şantaj heç bir səmərə vermədi. Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb, öz ərazisində döyüşüb, separatizmi aradan qaldırıb, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl edib. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. İndi bəzi ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik xidmətləri göstərməyə çalışır. Əgər bu siyasət birtərəfli xarakter daşımırsa və qərəzli deyilsə, Azərbaycan bu cəhdləri qəbul edə bilər. Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşmasına, sülh sazişi üzərində işi davam etdirməyə hazırdır.

Milli Məclisin deputatı,

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti