...

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi İtaliya portalına müsahibəsində Qarabağ həqiqətlərindən danışıb

Siyasət Materials 11 Noyabr 2023 22:51 (UTC +04:00)
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi İtaliya portalına müsahibəsində Qarabağ həqiqətlərindən danışıb

Bakı. Trend:

Vatikanda və İtaliyada səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov “In Terris” analitik-xəbər portalına müsahibəsində Qarabağ müharibəsi, ermənilərin köçü, onların qayıdışı və Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması ilə bağlı planlardan söhbət açıb.

Səfir, eyni zamanda, Müqəddəs Taxt-Tacla münasibətlər, dini birgəyaşayış, müsəlmanların çoxluq təşkil etdiyi bir ölkədə katoliklərin vəziyyəti barədə danışıb.

Trend müsahibəni təqdim edir.

- Cənab səfir, icazə verin, açıq və rəhmsiz bir sualla başlayım. Azərbaycanın yaxın gələcəkdə Ermənistanı işğal etmək niyyəti varmı?

- Qətiyyən. Bu, son günlərdə yayılan və mənşəyini axıra qədər anlaya bilmədiyimiz saxta xəbərdir. Bu cür yalan xəbərlərə səbəb və ya bəhanə olaraq “Zəngəzur dəhlizi” adlandırılan, Azərbaycan ilə onun eksklavı olan Naxçıvan arasında yaranacaq nəqliyyat bağlantısı göstərilir. Əslində isə bu, təkcə Azərbaycanı və Ermənistanı və ya region dövlətləri birləşdirən bir bağlantı deyil, eyni zamanda, daha geniş mənada Asiyanı Avropa ilə birləşdirəcək Orta Dəhlizin alternativ marşrutu ola bilər. Bu, əslində, dünya ticarətinə güclü təkan verəcək strateji layihədir. Əgər Ermənistan “dəhliz” sözünü bəyənmirsə, “keçid”, “yol”, “bağlantı” və digər terminlərdən istifadə oluna bilər. Dəhliz sırf iqtisadi və nəqliyyat anlayışıdır. Əgər Ermənistan bu məsələ ilə bağlı artıq öz üzərinə götürdüyü öhdəliyini yerinə yetirməsə, bizim mahiyyət etibarilə alternativ variantımız mövcuddur. Belə ki, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən keçəcək dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək layihə qısa zamanda reallaşdırılacaq. Ermənistan isə indiyə qədər regionda necə dalan ünvanı olmuşdusa, elə də qalacaq və bu, ermənilərin özlərinin seçimi olacaq.

Bir daha deyim ki, istənilən halda Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur və bu, böyük ehtimalla erməni tərəfindən qəsdən yayılan əsassız iddiadır.

- Nə qədər erməni əsilli Azərbaycan vətəndaşı Qarabağdan qaçıb və neçəsi qalıb? Onların təhlükəsiz şəkildə qayıtmasını təmin etmək üçün nə edirsiniz?

- Gəlin anlayışlardan başlayaq. Birincisi, onlar hələ Azərbaycan vətəndaşlığı üçün müraciət etmədikləri üçün bizim vətəndaşlarımız sayıla bilməzlər. Onların əksəriyyətinin artıq Ermənistan pasportları var və ən azı üçdəbiri əslən Qarabağdan olanlar deyil, son onilliklərdə bir növ “müstəmləkəçilik” ruhunun təsiri ilə Ermənistandan gəlib Qarabağda qanunsuz şəkildə məskunlaşanlardır. Azərbaycan vətəndaşlığı üçün müraciət edən və separatçı hərəkətlərdən əl çəkmək öhdəliyi götürən mindən az insan qalıb. Diqqətə çatdırım ki, bir çox konstitusiyada, o cümlədən İtaliya konstitusiyasında dövlətə ciddi təhlükə olan aqressiv separatizm qadağan edilib. Şübhəsiz ki, ümumi ab-havanı nəzərə alsaq, onları geri qaytarmaq mürəkkəb məsələdir. Biz başa düşürük ki, 30 illik münaqişədən sonra qaçmaq proqnozlaşdırılabilən bir seçimdir, lakin bu, onların özlərinin fərdi seçimi olub. Baxmayaraq ki, Azərbaycan hökuməti onları ölkəni tərk etməməyə çağırışlar edib. Biz Azərbaycana tezliklə qayıtmağa imkan verən portal yaratmışıq və bu insanların təhlükəsizliyinə, hüquqlarına, iqtisadi rifahına zəmanət vermək öhdəliyi götürürük. Hesab edirik ki, qalan az sayda insan, - onların qaçanlarla təmasda olduğunu nəzərə alsaq, - cəlbedici rol oynaya bilər.

- İsrail-Fələstin münaqişəsində Azərbaycanın mövqeyi nədən ibarətdir?

- Məlum olduğu kimi, Azərbaycan bəlkə də dünyada İsraillə ən yaxşı münasibətə malik olan müsəlman ölkəsidir. Bu, sadə dostluqdan daha artıqdır. Yəhudi icmasının ölkəmizdəki dinc şəraitinə baxmaq bunu anlamağa kifayət edir. Biz hesab edirik ki, münaqişənin dini yox, ərazi mənşəyi var. Hər iki tərəfdən insan itkisinə görə kədərlənirik. Bu səbəbdən biz də Birləşmiş Millətlər Təşkilatı səviyyəsində ölkələrin əksəriyyəti kimi Qəzzada gedən döyüşlərdə atəşkəsin lehinə səs verdik. Hesab edirik ki, tezliklə sülh şəraiti bərpa edilməlidir, günahsız insanlar həyatlarını itirməməlidir. Biz “iki xalq, iki dövlət” formulunu nəzərdə tutan məlum həll yolunu dəstəkləyirik.

- Azərbaycanda katolikliyin, ümumilikdə xristianlığın vəziyyəti necədir?

- Azərbaycanda katoliklərin sayı təbii ki, azdır, lakin ölkənin digər vətəndaşların hüquqları kimi, onların da bütün hüquqları dövlət tərəfindən qorunur. Nəzərə almaq lazımdır ki, Azərbaycan dünyəvi ölkə olmaqla bərabər, həm də multikultural və çoxkonfessiyalı ölkədir. Bu müxtəliflik qürurumuzun mənbəyidir. Müsəlmanlar, pravoslavlar, yəhudilər, katoliklər və digərləri ölkəmizdə dinc şəkildə birgə yaşayırlar. Onlar öz ibadət yerlərinə sahib ola və qanunlara uyğun olaraq dinlə bağlı ehtiyaclarını qarşılaya bilirlər.

Papa II İohan Pavel 2002-ci ildə ölkəmizdə səfərdə olarkən ovaxtkı Prezidentimiz Heydər Əliyev Bakıda katolik kilsəsinin tikilməsi üçün dövlət tərəfindən təmənnasız yerin ayrılması barədə qərar qəbul edib. 2008-ci ildə kilsənin açılışında Müqəddəs Taxt-Tacın ozamankı dövlət katibi kardinal Tarçisio Bertone iştirak edib. Roma Papası Fransisk isə 2016-cı ildə Azərbaycana səfər edərək, ölkəmizdə hökm sürən dini tolerantlıqdan və din azadlığının dərəcəsindən olduqca məmnun qalıb. Papa Fransisk səfərdən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində dinlərin birgəyaşayışı və dünyəvilik nöqteyi-nəzərdən din-dövlət münasibətlərinin platforması olan, azadlığı və qarşılıqlı hörməti təşviq edən Azərbaycan modelindən danışıb, bunun bir çox ölkə üçün örnək ola biləcəyini vurğulayıb.

Kilsələrə, monastırlara, xristianlara aid dini əsərlərə və obyektlərə gəlincə, onlar Azərbaycanın zəngin bədii-mədəni irsinin tərkib hissəsidir, bu səbəbdən də dövlət tərəfindən qorunur. Biz hazırda Qarabağda, bu yaxınlarda işğaldan azad edilmiş ərazilərdə bütün dini abidələrin, o cümlədən xristian abidələrinin siyahıyaalınmasını həyata keçiririk. Ölkəmizin ərazisində mədəni və dini irsin təhqir olunması baş veribsə, bu, İslam mənşəli olanlara münasibətdə erməni işğalçı qüvvələri tərəfindən həyata keçirilib. Yalnız bir dəhşətli rəqəmə diqqətinizi cəlb etmək istərdim. İşğal dövründə Azərbaycan torpaqlarındakı 67 məsciddən 65-i ermənilər tərəfindən tamamilə yerlə-yeksan edilib, qalan iki məscidə çox ciddi ziyan vurulub. Təəssüflər olsun ki, dünyada bu barədə heç kim narahatlığını bildirmir.

- Niyə burada, Romadasınız və Azərbaycanla Müqəddəs Taxt-Tac arasındakı münasibətlər hansı səviyyədədir?

- Mən həm Vatikanda, həm də İtaliyada bir sıra yüksəksəviyyəli görüşlər keçirmək üçün Romadayam. İtaliya Azərbaycanın Avropa İttifaqında ən mühüm tərəfdaşıdır, əlavə söz deməyə ehtiyac yoxdur. Müqəddəs Taxt-Taca gəlincə, biz keçən il diplomatik münasibətlərimizin 30 illiyini qeyd etdik, əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Ümid edirik ki, Romaya Müqəddəs Taxt-Tac nəzdində ayrıca səfirimizi göndərdiyimiz kimi, Vatikan tərəfi də tezliklə Bakıda öz nunsiaturasını açacaq.

Həmsöhbətlərimlə danışıqlarda əsas məqsədlərdən biri də Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında sülh prosesinin hazırkı vəziyyəti, perspektivləri və çağırışları barədə qarşı tərəfi məlumatlandırmaq, bu mövzuda yararlı fikir mübadiləsi aparmaqdan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti