Bakı. Trend:
Entoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanı tezliklə sülh danışıqları üçün Vaşinqtonda gözləyir.
Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn "X" sosial şəbəkəsində yazıb.
"Bakıda müsbət və konstruktiv görüşlər keçirdik. Prezident İlham Əliyevə dediyim kimi, ABŞ Mərkəzi Bankın sədrinin və energetika nazirinin səfərini müsbət qarşılayır və dövlət katibi Blinken Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı tezliklə sülh danışıqları üçün Vaşinqtonda gözləyir", - o yazıb.
Qeyd edək ki, 6 dekabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.