Bakı. Trend:
Bu gün Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir. Dövlətimizin “ölüm-qalım” dilemması qarşısında qaldığı ən böhranlı tarixi sınaq dövründə olan 1993-cü ildə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi Azərbaycan xalqını qurtuluşa aparan yolun başlanğıcı oldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda vəziyyət sabitləşməyə başladı. Bütün qanunsuz silahlı qruplar tərksilah edildi. Vətəndaş müharibəsinə son qoyuldu və xaosdan sabitliyə keçid təmin edildi. Dövlətlə xalqın birliyi təmin edilərək məqsədyönlü daxili və xarici siyasəti müəyyən edildi. Nəinki iqtisadi tənəzzülün qarşısı alındı, həm də “Əsrin müqaviləsi”ni ərsəyə gətirməklə Azərbaycanın gələcək dinamik, davamlı iqtisadi inkişafının əsası qoyuldu. Müasir və güclü ordu quruculuğu başladı. Heydər Əliyevin şəxsiyyəti və əzmi bütün müqavimətləri qırdı, müstəqilliyə qarşı yönəlmiş hərəkətlər aradan qaldırıldı. Nəticədə müstəqilliyimiz əbədi və dönməz oldu.
Müstəqil Azərbaycan dövləti qısa bir zamanda nəinki bölgədə, ümumiyyətlə, beynəlxalq aləmdə ən nüfuzlu dövlətlərdən birinə çevrildi. Hüquqi, demokratik dövlət quruculuğu, söz azadlığı, din azadlığı, əsas insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və bütün bunların 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasında təsbit edilməsi dövlətçiliyin uğurlu inkişafının əsasını qoydu.
Ölkədə davamlı surətdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Respublikasının müstəqil dövlət kimi keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidi təmin edildi.
Ümummilli Lider Heydər Əliyevin 1993-2003-cü illərdəki Prezidenliyi dövründə Azərbaycan Respublikasının sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Həmin dövrdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu.
Ümummilli lider Heydər Əliyev müstəqilliyi, xalqın, dövlətin maraqlarını həmişə qoruyub və ən çətin anlarda belə milli mənafelərimizə uyğun olaraq ən düzgün tarixi və siyasi qərarlar qəbul edib.
Müəllifi Ulu Öndər Heydər Əliyev olan və milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən Azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amildir.
Azərbaycan xalqı 2003-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın xoşbəxt gələcəyini təmin edən siyasətini davam və inkişaf etdirən görkəmli dövlət xadimi cənab İlham Əliyevə sonsuz inamını və etimadını ifadə edərək onu ölkənin Prezidenti seçdi. Bu, xalqın iradəsinin təzahürü və Heydər Əliyev siyasətinin təntənəsi idi.
Prezident İlham Əliyevin 12 may 2004-cü ildə bununla əlaqədar olaraq demişdi: “Bu gün çox gözəl gündür, amma həm də çox kədərli bir gündür. Çünki bu gün Azərbaycan Heydər Əliyevsiz yaşayır...Amma bizə təskinlik verən odur ki, Heydər Əliyevin ideyaları yaşayır. Heydər Əliyevin fəlsəfəsi, siyasəti yaşayır. Onun qurduğu, yaratdığı Azərbaycan yaşayır, güclənir və bundan sonra da yaşayacaq.
Biz hamımız bu siyasətə sadiqik. Biz hamımız bu siyasəti davam etdirməliyik. Azərbaycanı gücləndirməliyik, Heydər Əliyevin yolu ilə irəliyə aparmalıyıq. Mən əminəm ki, biz buna nail olacağıq”.
Bəli, Prezident İlham Əliyev xalqı Azərbaycanın xoşbəxt və təhlükəsiz gələcəyini təmin edən Heydər Əliyevin “Qüdrətli müstəqil Azərbaycan dövləti” siyasəti, ideyası əsasında dəmir yumruq kimi birləşdirdi. Bu müqəddəs amallar uğrunda ölkəmizi inkişaf yolunda sürətlə irəli apardı. Prezident İlham Əliyev bütün hədəflərə çataraq Azərbaycan dövlətini müasirləşən və müstəqil siyasət aparan qüdrətli dövlətə çevirdi. Ulu Öndər Heydər Əliyevin vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində rəşadətli Ordusunun qəhrəman əsgər və zabitləri ilə döyüş meydanında Ermənistanın işğalçı ordusunu darmadağın edərək düşməni diz çökdürdü və tam və qəti qələbə çaldı. Ata-baba yurdumuzu - Qarabağı və Şərqi Zəngəzuru düşməndən azad etdi, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. İlham Əliyev misilsiz sərkərdəlik nümayiş etdirərək dövlətimizin Şərəf və Zəfər tarixini yazdı! Müasirləşən bütöv Azərbaycan dövlətini qurdu! Bu, həm də Heydər Əliyev siyasətənin, ideyalarının təntənəsi, Zəfəri idi!
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətinin tarixində və xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır!
Əminliklə deyə bilərik ki, Azərbaycan xalqı 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəfər siyasətinə yekdilliklə səs verəcək və Azərbaycan dövlətini Heydər Əliyev yolu ilə irəli getməsini, yeni uğur zirvələrini fəth edərək dövlətin sürətli inkişafını, xalqın təhlükəsiz və xoşbəxt gələcəyini təmin edən siyasəti dəstəkləyəcək.
Bəxtiyar Əliyev,
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor