Bakı. Trend:
Azərbaycanı könüllü tərk edərək, Ermənistana yollanmış qarabağlı ermənilər Ermənistanın Silahlı Qüvvələrində hərbi xidmətə cəlb olunmayacaqlar.
Ermənistarnda müvəqqəti status alan və yerli hakimiyyət strukturları tərəfindən məcburi köçkün kimi tanınan bu ermənilər Daxili İşlər Nazirliyində də çalışa bilməzlər.
Baş nazir Nikol Paşinyan administrasiyasının mənsublarının dediklərinə görə, qarabağlı ermənilərin hüquq və öhdəlikləri Ermənistan vətəndaşlarının hüquqlarından və öhdəliklərindən fərqlənir. Fərq "Qaçqınlar və sığınacaq haqqında" qanunla tənzimlənir.
Ermənistan DİN-nin yaydığı rəsmi açıqlamada bildirilir ki, qarabağlı ermənilərin torpaq sahələrinə və aşınmaz əmlaka mülkiyyət, səs vermək və seçilmək, partiyadar yaratmaq və ya partiyalara üzv olmaq, ictimai strukturlarda vəzifə tutmaq və b. hüquqları olmayacaq.
Səbəb onların Ermənistan vətəndaşı olmamalarıdır.
"Əgər onlar Ermənistan vətəndaşlığı alsalar, onda həmin şəxslər hökumətin sosial dəstək proqramlarından yararlanmağa davam edəcəklər", - Ermənistan DİN-nin yaydığı açıqlamada deyilir.
Ermənistanın rəsmi strukturlarının bəyanatlarına görə, ötən ilin 19-20 sentyabr günlərində Azərbaycan ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Ermənistana üz tutmuş qarabağlı ermənilərin sayı 102 min nəfərdir.
Ötən ilin oktyabrın 26-da Ermənistan hökuməti həmin şəxslərə müvəqqəti müdafiə statusu verib ki, bu əvvəl qaçqın statusuna, sonra da məcburi köçkün statusuna bərabər tutuldu.
Əslində, Ermənistanın hakimiyyət dairələri reallıqdan çox uzaq mövqe tuturlar.
Azərbaycanı tərk edərək, Ermənistana yollanmış qarabağlı ermənilərin sayı heç bir halda 100 və ya 102 min nəfər deyil. Azərbaycanla şərti dövlət sərhədinin yaxınlığındakı yaşayış məntəqələrindəki yerli ərazi-idarəetmə və s. rəsmi strukturların həmin günlərdə apardıqları statistik hesablamalra görə, Azərbaycandan Ermənistana Laçın yolu ilə 43529 erməni daxil olub.
Həmin ermənilərə qaçqın və ya məcburi köçkün statusunun verilməsi də rəsmi İrəvanın sırf siyasi, Nikol Paşinyan hökumətinin "qarabağlı erməni məcburi köçkünlər" ifadəsindən istifadə edərək Qərbdən humanitar yardım qismində böyük məbləğlərdə maliyyə vəsaiti almaq istəyi ilə bağlıdır.
Reallıq budur ki, qarabağlı ermənilər ya qaçqın, ya da məcburi köçkün statuslarını təsdiqləməlidirlər ki, bu da yenə beynəlxalq hüquq baxımından mümkün deyil.
Çünki Qarabağ münaqişəsi başlanandan az sonra kütləvi olaraq Ermənistan pasportları almış qarabağlı ermənilər de-yure Ermənistan vətəndaşları, de-fakto isə Azərbaycan sakinləri idilər.
30 il davam etmiş işğal illərində Azərbaycanın mərkəzi hakimiyyətinə tabe olmayan və separatçı xunta tərəfindən idarə olunun bu ermənilər maaşları, təqaüdləri, ödənişləri Ermənistandan alırdılar. Xuntanın fəaliyyəti Ermənistanın dövlət büdcəsindən maliyyələşdirilirdi.
Xatırladaq ki, BMT sənədlərində "qaçqın" statusu belə müəyyənləşdirilir: "Tamamilə əsaslı səbəblərə görə irqi, dini, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubluq və ya siyasi baxışlara görə təqib qurbanı olmaq təhlükəsi ilə üzləşmiş, vətəndaşlıq mənsubiyyəti olduğu ölkədən kənarda olan və ya sadalanan səbəblərə görə ölkəsinin müdafiəsindən istifadə etmək istəməyən istənilən şəxs qaçqın hesab olunur".
"Qaçqın" ifadəsi ilk dəfə beynəlxalq hüquqda 1951-ci ildə qəbul edilmiş "Qaçqınların statusu haqqında" konvensiyada, daha sonra isə BMT sənədlərində təsbitlənib.
Məhz bu səbəbdən indi Azərbaycandan Ermənistana getmiş və getməyə davam edən qarabağlı ermənilər nə qaçqın, nə də məcburi köçkün sayıla bilməzlər.
Onlar Ermənistan pasportlarına malik olduqları üçün beynəlxalq hüquq baxımından Ermənistan vətəndaşları sayılırlar və bu şəxslərin Ermənistana üz tutmaları, sadəcə, dövlətin mühafizəsi ilə şimayəsində yerdəyişmə etmələri sayılır.
"Qaçqın" sayıla bilmədikləri üçün qarabağlı ermənilərin yeganə çıxış yolları beynəlxalq hüquqa uyğun olaraq "məcburi köçkün" sayılmalarıdır. Amma onlar Azərbaycanı tərk edərək, Ermənistana yollandıqları üçün məcburi köçkün də sayıla bilməzlər, çünki başqa ölkənin (Azərbaycan) ərazisindən gediblər.
Yəni öz ölkəsində sadaladığımız səbəblərdən təqiblərə məruz qalan, başqa heç bir ölkənin vətəndaşlığına və ya yaşama izninə malik olmayan şəxslər qaçqın hesab edilir.
Bəhs etdiyimiz məqamlara görə hazırda BMT, ABŞ-ninn Beynəlxalq İnkişaf Agentliyi (USAİD), habelə Ermənistanı dəstəkləyən dövlətlərlə qurumlar qarabağlı erməniləri nə qaçqın, nə də məcburi köçkün kimi səciyyələndirə bilərlər.
BMT və USAİD-in müvafiq qurumları bunu bildikləri üçün Azərbaycandan Ermənistana getmiş qarabağlı erməniləri "müdafiəyə ehtiyacı olan digər şəxslər" elan ediblər: yardımlar da məhz bu ifadədən istifadə etməklə edilir.
2023-cü ilin noyabrında Ermənistan Polisi müvəqqəti müdafiə statusu almış qarabağlı ermənilərdən Ermənistan vətəndaşlığına qəbulla bağlı ərizələrin qəbuluna başlamışdı. İki ay ərzində yalnız 735 nəfər belə ərizə yazıb.
Müvəqqəti müdafiə statusu ilə bağlı sənədi isə yalnız 53 min qarabağlı erməni alıb.
Belədirsə, Ermənistanın hakimiyyət dairələri, beynəlxalq təşkilatlar və erməni diasporunun təşkilatları hansı “100 mindən artıq qarabağlı erməni”dən bəhs edirlər, müəmmalıdır.
Azərbaycandan Ermənistana getmiş qarabağlı ermənilər hələlik hotellərdə və pansionatlarda yerləşdirilsələr də, onların əksəriyyəti kirayə mənzillərdə və evlərdə qalmağa üstünlük veriblər. Rəsmi qurumlar Ermənistana sığınmış hər qarabağlı erməniyə birdəfəlik müavinət qismində 100 min dram (təqribən 250 dollar) ödəyib. Bununla yanaşı, hər ailəyə 6 ay ərzində 50 min dram (125 dollar) ev kirayəsinə, 10 min dram (25 dollar) kommunal xərclərin ödənməsi üçün verilib.
Bu ermənilərin artıq yarısı müvəqqəti köçkün statusu alıb.
Onların hər birinə xüsusi “070” kodlu Ermənistan pasportu müvəqqəti olaraq verilib ki, həmin sənəddən yalnız xaricə səfərlər zamanı istifadə etmək olar.
Qarabağlı ermənilərə müvəqqəti köçkün statusu 1 il müddətinə verilib. Bu müddət başa çatandan sonra onlar ya Ermənistan vətəndaşlığını qəbul etməli, ya da vətəndaşlığı olmayan şəxs qismində xüsusi qeydiyyatdan keçməlidirlər.
Lakin Ermənistan pasportunu yeniləmək istəyən qarabağlı ermənilərin sayı azdır, çünki onlar belə qərar qəbul etsələr, köçkün qismində aldıqları müavinətlərlə vidalaşmalı olacaqlarını düşünürlər.
Eyni zamanda, onlar aşağılandıqlarını, təhqir olunduqlarını düşünürlər.
Azərbaycan ərazilərinin 20 faizinin Ermənistanın işğalında olduğu 30 il ərzində qarabağlı ermənilər Ermənistan pasportuna malik olublar. Onlar Ermənistana və xarici ölkələrə bu pasportla səfərlər ediblər, maaşları, müavinətləri və təqaüdləri Ermənistan vətəndaşları qismində İrəvandan alıblar.
İndisə Nikol Paşinyan administrasiyası onları “Ermənistan vətəndaşlığı olmayan şəxslər” elan edib.
Görünən budur ki, qarabağlı ermənilər Ermənistanın hakimiyyət dairələrinə sadəcə vasitə, alət qismində gərəkdir.