Bakı. Trend:
Azərbaycan şəhidlərinin qanı yerdə qalmadı.
Trend xəbər verir ki, bunu Xocalı soyqırımına həsr olunan "Ana fəryadı" abidə kompleksinin ziyarəti zamanı Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov jurnalistlərə deyib.
"Allah Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə uzun ömür və can sağlığı versin. Bu gün bizim alnımız açıqdır. Azərbaycan şəhidlərinin qanı yerdə qalmadı. Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq", - o deyib.
K.İmanov qeyd edib ki, erməni saxtakarlıqları bu gün də davam edir və şübhəsiz, cavabsız qala bilməz.
"Bizim ənənələrimiz, milli-mənəvi dəyərlərimiz elə bir keçmişimizdir ki, bu günümüz o keçmişdən keçir, onsuz gələcəyə gedən yol yoxdur. Maddi-mənəvi irsimizin qorunması xalqımızın mənəvi ruhunun qorunması deməkdir. Erməni saxtakarlıqları bu gün də davam edir. Biz bunlara cavab verməli və saxtakarları ifşa etməliyik.
Hər bir erməni yalanı ictimaiyyətə çatdırılmalıdır. Bu yalanın bir məqsədi var: hər hansı xalq öz qonşularının ərazisinə iddia irəli sürdükdə ona məxsus olmayan torpaqlarda sübutlar axtararaq, həmin torpaqlara sahib olan xalqın maddi-mənəvi irsini mənimsəyir", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.