...

ABŞ və Aİ-nin Paşinyanla görüşü regionda vəziyyətin gərginləşməsinə xidmət edir - Deputat

Siyasət Materials 22 Mart 2024 14:27 (UTC +04:00)
ABŞ və Aİ-nin Paşinyanla görüşü regionda vəziyyətin gərginləşməsinə xidmət edir - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

NATO-nun baş katibi Stoltenberq və Ermənistanın baş naziri Paşinyan arasında İrəvanda keçirilən görüş fonunda 2024-cü ilin aprel ayında ABŞ dövlət katibi Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Paşinyanla geniş tərkibdə görüşün hazırlandığı barədə məlumatlar yayılıb. Hesab edirəm ki, Azərbaycanın iştirakı olmadan keçirilən görüş və regiondakı vəziyyətin müzakirəsi doğru addım deyil, əksinə regionda vəziyyətin gərginləşməsinə xidmət edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, ABŞ və Avropa İttifaqının Ermənistana təhlükəsizlik zəmanəti vermək üçün pakt imzalamağa hazırlaşdığı ehtimal olunur.

“Bu gün Azərbaycanla Ermənistan arasında həssas sülh prosesi gedir və belə bir vaxtda Ermənistana təhlükəsizlik qarantiyasının yaradılması sülh prosesinə tamamilə ziddir və regionda məsələni birtərəfli qaydada həll etmək cəhdidir. Bu, Azərbaycana qarşı atılan bir addımdır. Azərbaycan məhz elə regionda sülhün və sabitliyin bərqərar olunmasının tərəfdarıdır və sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edib, bu istiqamətdə təklifləri irəli sürüb.

Azərbaycan regionda sabitlik və əməkdaşlıq üçün öz üzərinə düşən bütün işləri və öhdəlikləri layiqincə həyata keçirir. Belə olan halda Ermənistanla bitərəfli qaydada görüşün keçirilməsi və ona təhlükəsizlik qarantiyasının yaradılması heç bir məntiqə sığmır və region ölkələrinin maraqlarına xidmət etmir. Onlar Ermənistanı kimdən qorumağa çalışır?!”, - deyə deputat bildirib.

A.Həsənova qeyd edib ki, bu cür addım yalnız Qərbin maraqlarına xidmət edir.

“Məqsəd isə regionda hərbi mövcudluğunu genişləndirməkdir. Məlumdur ki, Aİ Ermənistanda monitorinq missiyası yerləşdirib və müxtəlif yollarla Qərbin daha geniş miqyasda regiona hərbi cəhətdən daxil olmasına cəhd edilir. Bu, regionda partlayışa və formalaşmaqda olan regional təhlükəsizliyə böyük zərbə ola bilər.
Bu təkcə Azərbaycana qarşı deyil, eyni zamanda Rusiya və İrana qarşı da atılan bir addımdır. Görünür Qərb bu yolla Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışır. O cümlədən bu vəziyyət İranın təhlükəsizliyinə də ciddi təhdid yaratmaqdadır. Görünən odur ki, ABŞ və Aİ regionda vəziyyəti gərginləşdirərək öz rəqibləri üçün yeni münaqişə ocaqları yaratmağa çalışırlar. Bu ssenaridə isə ən çox əziyyət çəkən Ermənistan olacaq. Çünki Ermənistan bu ssenaridə sadəcə bir vasitədir və hadisələrin inkişaf edəcəyi təqdirdə onun Ukrayna və ya Livana çevriləcəyi şübhə doğurmur”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti