...

Yeni qaydalar əhalinin daha az pul ödəməklə abonent olmasına imkan verəcək - ŞƏRH

Cəmiyyət Materials 4 May 2024 16:00 (UTC +04:00)
Yeni qaydalar əhalinin daha az pul ödəməklə abonent olmasına imkan verəcək - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı.Trend:

Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurasının 3 may 2024-cü il tarixində keçirilmiş iclasında Energetika və İqtisadiyyat nazirliklərinin, Dövlət Neft Şirkəti, “Azərişıq” ASC-nin təklifləri əsasında elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrə ödənişlərin məbləğləri müəyyənləşdirilib.

Elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri 1 fazlı təchizat üzrə 10 kVt-dək 40 manat/kVt; 1 fazlı təchizat üzrə 10 kVt-dan yuxarı 60 manat/kVt; 3 fazlı təchizat və aşağı gərginlik üzrə 293 manat/kVt; orta gərginlik üzrə 170 manat/kVt olaraq müəyyən edilib.

Qazpaylayıcı şəbəkəyə qoşulma üzrə ödəniş məbləğləri ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə layihə smeta sənədlərinin hazırlanması da daxil olmaqla məişət qaz qurğularının (ümumi qaz sərfiyyatı 10 m3/saat olan) düz xətt üzrə 100 metr məsafədə yerləşən şəbəkəyə texnoloji və fiziki qoşulma xidməti üzrə birlikdə - 271 manat; ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin şəbəkəyə fiziki qoşulma xidməti üzrə - 160 manat müəyyən olunub.

Məsələ barədə Trend-ə açıqlama verən deputat Azər Badamov bildirib ki, Tarif Şurasının qərarı ilə istehlakçıların elektrik və qaz şəbəkələrinə qoşulması ilə bağlı ödəniş məbləğinin müəyyən edilməsi bu sahədə yeni bir nizamın formalaşmasına xidmət edəcək.

"Qüvvədə olan qaydalara görə elektrik şəbəkəsinə qoşulmalar 160 manat müəyyən olunurdusa yeni qaydalara görə bu ödəniləcək məbləğlərə fərqli yanaşma olunur. Belə ki, bu 40 manatdan başlayaraq 3 kVt-a qədər olduqda xərc enir, 4 kVt olduqda sabit qalır və 5 kVt və ondan çox olduqda artmağa başlayır. Əhali kateqoriyasının 97,4% 5 kVta qədər enerji gücü istehlak etdiyindən bu dəyişiklik əhalinin elektrikə qoşulmalarında mövcud qaydalardan daha aşağı ödənişlə həyata keçirilməsinə imkan verəcək.

O cümlədən 1% təchizat sxemi üzrə 20 kv-a qədər ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərində 1% təchizat sxemi ilə aşağı güclə qoşulmaların məbləğləri də 60-76% azalır. Əhali əsasən 1% təchizat sxemi ilə elektrik şəbəkəsinə qoşulduğundan ödəniləcək məbləğlər daha az olacaqdır. Amma böyük obeyktlərdə 3% təchizat sxemi ilə ediləcək qoşulmalar 50 kv-dan yuxarı artdıqca tələb olunan gücə görə ödənişlərdə də artım baş verəcək.

Yeni qaydalara görə, qaz şəbəkəsinə qoşulmalarda da yeni ödənişlər müəyyən edilir və bu dəyişikliklər, əsasən, əhali kateqoriyasının daha az pul ödəməklə abonent olmasına imkan verəcək. Belə ki, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə layihə sənədlərinin hazırlanması da daxil olmaqla, məişət qaz qurğularının düz xətt üzrə 100 metr məsafədə yerləşən şəbəkəyə texnoloji və fiziki qoşulma məbləği 271 manat, ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərin şəbəkə fiziki qoşulmasına görə 160 manat ödəməli olacaq.

Əvvəlki qaydalarda istehlakçılara şəbəkəyə qoşulmaq üçün müxtəlif podratçılar tərəfindən fərqli qiymətlər təklif olunurdusa, artıq tənzimləmədən sonra vahid və optimal qiymətlər müəyyənləşib. Bu da istehlakçılardan şəbəkəyə qoşulmasında podratçılar tərəfindən yüksək məbləğlərin alınmasının qarşısını alacaq", - o qeyd edib.

Deputatın sözlərinə görə, tətbiq olunacaq yeni tənzimləmələr ilk növbədə elektrik və qaz şəbəkələrinə qoşulmalarda şəffalfıq təmin edəcək:

"Əhali elektrik və qaz xidmətlərindən yararlanmaq üçün nə qədər ödəniş etməli olduğunu qabaqcadan biləcək və artıq ödənişlərin edilməsinin qarşısı alınacaq. Bu da böyük çoxluq təşkil edən istehlakçıların xərclərini azaldacaq və qoşulmalar üçün hamıya eyni vahid yanaşma tətbiq ediləcək. Bu baxımdan, yeni tənzimləmələrlə elektrik və qaz şəbəkələrinə qoşulmalarla bağlı əhalinin narazılıqları aradan qalxacaq və daha rahat əlçatanlıq təmin olunacaq".

Qeyd edək ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarı ilə elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri və bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib.

Bildirilib ki, istehlakçıların elektrik və qazpaylayıcı şəbəkələrə qoşulması üçün daha keyfiyyətli xidmətlərdən istifadəsinə, vaxt və xərclərin optimallaşdırılmasına istiqamətlənmiş tədbirlər həyata keçirilir. Şəbəkələrə qoşulma ilə bağlı xərclərin qarşılanmasında vahid yanaşmanın, istehlakçı xərclərinin əvvəlcədən proqnozlaşdırılmasının zəruriliyi və digər bu kimi səbəblər bu sahədə yeni tənzimləməni zəruri edirdi.

Bununla əlaqədar olaraq, Tarif (qiymət) Şurasının 3 may 2024-cü il tarixində keçirilmiş iclasında Energetika və İqtisadiyyat nazirliklərinin, Dövlət Neft Şirkəti, “Azərişıq” ASC-nin təklifləri əsasında elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrə ödənişlərin məbləğləri müəyyənləşdirilib.

Elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakı kimi müəyyən edilib:

- 1 fazlı təchizat üzrə 10 kVt-dək 40 manat/kVt;

- 1 fazlı təchizat üzrə 10 kVt-dan yuxarı 60 manat/kVt;

- 3 fazlı təchizat və aşağı gərginlik üzrə 293 manat/kVt;

- Orta gərginlik üzrə 170 manat/kVt.

Yeni tənzimləməyə əsasən, məişət abonentləri üzrə 1 fazlı təchizatda qoşulma tələb olunan gücdən asılı olaraq 1 kVt-dan da başlaya bilər. Bu halda tələb olunan güc 3 kVt-dək olduqda xərc enir, 4 kVt olduqda xərc sabit qalır, 5 kVt və ondan artıq olduqda isə xərc artır. Qeyd edək ki, tələb olunan gücdən asılı olmayaraq əhali üzrə bu vaxta qədər xərc 160 manat təşkil edirdi. Əhali isteklakçılarında 1 fazlı təchizat sxemi üzrə 5 kVt-dək qoşulmalar 97,4% təşkil edir ki, bu da böyük istehlakçı qruplarının xərclərindəki azalmanın əhatə dairəsini göstərir.

Həmçinin, yeni ödəmə məbləğlərinə əsasən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərində 1 fazlı təchizat sxemi üzrə aşağı güc qoşulmalarının (20 kVt daxil) ödəniş məbləğləri 60-76% azalır.

3 fazlı və tələb olunan güc 20 kVt-dan 50 kVt-dək olduqda elektrik şəbəkəsinə qoşulma xidmətləri üzrə ödəniləcək məbləğ də azalır. Tələb olunan güc 50 kVt-dan 200 kVt-dək olduqda isə məbləğ artır.

Eyni zamanda, 3 fazlı və yuxarı güc qoşulmalarında şəbəkənin gücləndirilməsi ilə əlaqədar əlavə tələblər aradan qaldırıldığı üçün sahibkarlıq subyektləri yalnız tarifə uyğun ödənişlər edəcək. Bu da şəbəkənin gücləndirilməsi ilə bağlı sahibkarların xərclərini aradan qaldırmaqla ümumi xərclərinin azalmasına səbəb olacaq.

Qazpaylayıcı şəbəkəyə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakı kimi müəyyən edilib:

- Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə layihə smeta sənədlərinin hazırlanması da daxil olmaqla məişət qaz qurğularının (ümumi qaz sərfiyyatı 10 m3/saat olan) düz xətt üzrə 100 metr məsafədə yerləşən şəbəkəyə texnoloji və fiziki qoşulma xidməti üzrə birlikdə - 271 manat;

- Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin şəbəkəyə fiziki qoşulma xidməti üzrə - 160 manat.

Yeni tənzimləmələrə qədər qazpaylayıcı şəbəkəyə qoşulma işləri istehlakçılarla podratçılar arasında razılaşmaya uyğun qiymətlə həyata keçirilirdi. Yəni, tənzimləmədən əvvəl istehlakçılara şəbəkəyə qoşulmaq üçün müxtəlif podratçılar tərəfindən fərqli qiymətlər təklif olunurdusa, artıq tənzimləmədən sonra vahid və optimal qiymətlər müəyyənləşib.

Xəbər lenti

Xəbər lenti