Bakı. Trend:
Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılmasının təmin edilib.
Bu kəndlərin Azərbaycana qaytarılmasının təmin edilməsi Azərbaycanın növbəti uğuru və sülhün bərqərar olunması istiqamətində olduqca mühüm addımdır.
Məsələ ilə bağlı deputat Sevinc Hüseynova və deputat Elşən Musayev Trend-ə açıqlama verib.
S.Hüseynova bildirib ki, bu, Prezident İlham Əliyevin prinsipal mövqeyinin məntiqi nəticəsidir.
“Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqına növbəti hədiyyəsidir. Beləliklə 44 günlük müharibə və antiterror tədbirlərindən sonra Azərbaycan növbəti qələbəyə imza atmış oldu. Kəndlərin qaytarılmasının təmin edilməsi, eyni zamanda Azərbaycanın suverenliyinin təmin olunması istiqamətində növbəti mühüm addımdır. Vacib məqamlardan biri də odur ki, Azərbaycan bu kəndləri bir güllə atmadan belə geri qaytardı.
Ölkə Prezidenti hələ 2020-ci ildə Vətən müharibəsində əldə olunan zəfərdən sonra üç rayonun bir güllə atılmadan Azərbaycana qaytarılmasını təmin etmişdi. Bu, onu göstərir ki, Prezident İlham Əliyev məsələnin sülh yolu ilə həll edilməsinə üstünlük verir. 2023-cü ilin sentyabr ayında Azərbaycanın Qarabağda suverenliyinin yekun bərpası, Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazilərini tərk etməsi və indi də 4 kəndin qan tökülmədən geri qaytarılması qeyd edəcəyimiz qələbələr silsiləsindən növbəti qələbədir. Bu gözəl xəbər Prezidentimizin Azərbaycan xalqına növbəti hədiyyəsidir”, - deyə deputat bildirib.
Deputat Elşən Musayev isə bildirib ki, Qazax rayonunun 4 kəndinin geri qaytarılması Azərbaycan dövlətinin uğurudur və cənab Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli və prinsipial siyasətin nəticəsidir.
“Ali Baş Komandan yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bunları demişdi: “O kəndlər ki, anklav deyil - 4 kənd - onlar Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır.” Və buyurun! Cənab Prezident necə demişdisə elə də oldu. Üstəlik, qansız, qadasız və əməliyyatsız. Bir güllə atılmadan. İtki olmadan. Sadəcə bir cümlə ilə!
Eyni zamanda qeyd etmək lazımdır ki, həmin kəndlərin qaytarılması 44 günlük müharibə və antiterror tədbirlərindəki uğurlarımızın davamıdır”, - deyə deputat əlavə edib.