Bakı. Trend:
İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
"İndiyə qədər 480 yerli müşahidəçi qeydə alınıb. Onlardan 344 nəfər öz təşəbbüsü, 10 nəfər QHT-lərin təşəbbüsü ilə, 126 nəfər isə xüsusi icazə almış müşahidəçilərdir", - o qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.