Bakı. Trend:
16 sentyabr 2024-cü il tarixində Ermənistanın ABŞ-dəki səfirliyində Müstəqillik Günü tədbirində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administrator müavini İzobel Koulmanın Azərbaycana qarşı açıqlamasını şiddətlə pisləyir və qətiyyətlə rədd edirik.
Trend xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administratorunun müavininin iddialarına dair şərhində bildirib.
"Administrator müavininin son dərəcə məsuliyyətsiz ifadələri Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etmək məqsədi daşıyır.
Azərbaycanın tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun olub və heç vaxt mülki əhalini hədəf almayıb.
Antiterror tədbirlərinə gətirib çıxaran Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən geri çəkilməsi üzrə öhdəliklərin yerinə yetirilməməsini, Ermənistan rəhbərliyi tərəfindən hərbi-siyasi təxribatların törədilməsini, o cümlədən Ermənistan Baş nazirinin son 30 ildə bu ölkə tərəfindən dəstəklənən qondarma rejimə 2 sentyabr tarixində ünvanladığı məsuliyyətsiz təbrik mesajını qınamaq əvəzinə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəsmilərinin Azərbaycan əleyhinə səsləndirdiyi iddialar separatizmin və Ermənistan daxilindəki revanşist qüvvələrin təşviqindən başqa bir şey deyil.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin regionda sayı 10 dəfə çox olan azərbaycanlı qaçqın və məcburi köçkünlərə münasibətdə eyni həvəs nümayiş etdirməyən uzaqgörməz siyasəti və mövcud reallıqlardan xəbərsizliyi ziyanlıdır və regionda sülh və təhlükəsizlik naminə heç bir nəticə verməyəcək", - o qeyd edib.