...

Azərbaycan çoxtərəfli diplomatiya ilə qlobal dialoqa töhfə verir - Vüqar Rəhimzadə

Siyasət Materials 24 Oktyabr 2024 18:24 (UTC +04:00)
Azərbaycan çoxtərəfli diplomatiya ilə qlobal dialoqa töhfə verir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib. Prezident İlham Əliyevin səfər çərçivəsində Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref, Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik, Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit, BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşləri oldu. Həmin görüşlərdə səsləndirilən fikirlər Azərbaycanın qlobal problemlərin həllinə böyük töhfələr verdiyini bir daha təsdiq etdi. Əsas diqqət göstərilən məsələlərdən biri məhz ölkəmizin gələn ay COP29-a ev sahibliyi oldu. Dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında çıxış etdi. Prezident İlham Əliyev çıxışında bir daha vurğuladı ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.

Qeyd edək ki, builki Sammitin əsas mövzusu “Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliyin gücləndirilməsi”dir. Sammitə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar. BRICS Sammitinin əsas prinsipinin problemlərə qarşı müştərək həll yollarının axtarılması və mövcud böhranların idarə olunmasında kollektiv tədbirlərin həyata keçirilməsidir. Sammitin əsas məqamlarından biri də BRICS-in genişlənməsi, yeni üzvlərin qəbul edilməsidir. Bu, BRICS-in daha böyük beynəlxalq təşkilata çevrilməsi istiqamətində atılan vacib addımlardan biridir. Yeni üzvlər üçün "tərəfdaş dövlət” statusu yaradılması nəzərdə tutulur. Bu yanaşma, gələcəkdə BRICS-in daha çevik və daha genişmiqyaslı təşkilat olmasına imkan verəcək. Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika tərəfindən təsis edilən BRICS-ə daha sonra Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiya qoşulub. 2024-cü ildə bu təşkilatda sədrlik Rusiyaya keçib. BRICS Sammitinin gündəliyi təşkilatın bütün digər üzvlərinin maraqlarının üst-üstə düşdüyü iqtisadi məsələlərlə zəngindir. Hazırda on ölkəni - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini birləşdirən BRICS-in Kazan Sammitinin dünya geosiyasətinin mərkəzi hadisəsinə çevriləcəyi gözlənilir. Belə ki, 30-a yaxın ölkə bu təşkilata üzv olmaq və ya “tərəfdaş dövlət” statusu almaq istəyini bəyan edib. Bunlar Azərbaycan, Əlcəzair, Banqladeş, Bəhreyn, Belarus, Boliviya, Venesuela, Vyetnam, Honduras, Zimbabve, İndoneziya, Qazaxıstan, Kuba, Küveyt, Mərakeş, Nigeriya, Nikaraqua, Pakistan, Seneqal, Suriya, Tailand, Türkiyə, Uqanda, Çad, Şri-Lanka, Ekvatorial Qvineya, Eritreya və Cənubi Sudandır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Sammitin mövzusuna diqqət yetirdikdə bu məsələnin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğu, ölkəmizin daim bu istiqamətdə çağırışlar etdiyi diqqətdən kənarda qalmır. Belə ki, Azərbaycan multilateralizm prinsipini əsas götürərək çoxtərəfli diplomatiyanı həyata keçirir. Regionda sülhün, təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması dövlətimizin xarici siyasətində xüsusi yer tutur. Bu isə öz növbəsində müxtəlif qütblərin bir araya gətirilməsində, yeni dostların, tərəfdaşların qazanılmasında Azərbaycanın rolunu daha da artırır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dostlarımızın bütün qitələrdə sayı artır. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir, edəcək.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Azərbaycanın bu istiqamətdə fəaliyyətinin miqyasının təsəvvür etmək üçün BMT Baş Assambleyasından sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına sədrliyi dövrünü yada salmaq kifayətdir. Dünyanın 120 dövlətinin təmsil olunduğu ən böyük siyasi təsisat kimi böyük nüfuza malik Qoşulmama Hərəkatına 2011-ci ildə üzv qəbul olunan Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olması ölkəmizin böyük nüfuzunu daha da artırdı. 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərarın qəbul olunması da ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürü idi. Onu da qeyd edək ki, quruma üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrü bir il də artırılaraq ötən ilin sonlarında başa çatdı. Hərəkata sədrliyi dövründə prioritetlərini və fəaliyyətini bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsiplər üzərində quran Azərbaycan digər beynəlxalq təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylərini artırdı. Ölkəmizin quruma sədrliyi dövrü dünyanı cənginə alan koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsinin baş verdiyi, həmçinin postmünaqişə dövrünə təsadüf etsə də Azərbaycanın Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılması istiqamətində atdığı addımlar daim üzvlər tərəfindən təqdir edildi. Multikultural dəyərlərə sadiqliyini atdığı addımları ilə təsdiqləyən Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi xeyirxahlıq nümunəsi kimi beynəlxalq səviyyədə dəstəkləndi. Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına ayırdığı 10 milyon dollar məbləğində ianənin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə verildi. “Peyvənd millətçiliyi”nə qarşı etirazını açıq şəkildə bildirən Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi də vaksinlərin bölünməsində ayrı-seçkilik hallarını tənqid etdi. Daim çıxışlarında Qoşulmama Hərəkatının bir çox üzvünün oxşar tarix və problemlərə malik olmasını, ədalətsizliklə üzləşməsini önə çəkən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, Azərbaycan qlobal problemlərin həllinə öz təcrübəsi ilə dəstək ola bilər.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatın institusional inkişafına yönəldi. Qlobal qütbləşmənin, müharibələrin, münaqişələrin, ərzaq, enerji və humanitar böhranların mövcud olduğu müasir dünyada Qoşulmama Hərəkatı təkcə üzv ölkələrin maraqlarının müdafiəsi, bir-birini dəstəkləyən təsisat deyil, beynəlxalq arenada daha fəal rol oynayan platforma olduğunu fəaliyyəti ilə təsdiqlədi.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan malik olduğu imkanlardan, təcrübədən istifadə edərək hazırda iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfələrini artırmağa səy göstərir. Ötən ilin sonunda COP29-un ölkəmizdə keçirilməsi barədə qərarın qəbul edilməsi də bu məqamlara işıq saldı. Reallıq budur ki, Azərbaycan COP29-un sədr ölkəsi olaraq dünya iqlim diplomatiyasını da aktiv şəkildə formalaşdırır, Qlobal Cənub və Qlobal Şimal ilə dialoq aparır. Bu kontekstdə həm də BRİCS ölkələri ilə dialoq aparılır və əməkdaşlıq həyata keçirilir. BRICS-ə üzv dövlətlərin Azərbaycanın qurumda təmsil olunmasında maraqlı olmaları ölkəmizin xarici siyasətinin prinsiplərinin dəyişməzliyinə söykənir. Bunun üçün hazırda quruma artan marağı şərtləndirən amillərə diqqət yetirmək kifayətdir. BRICS-in fəaliyyətinin əsasını təşkil edən prinsiplər suveren bərabərlik, öz inkişaf yolunun seçiminə hörmət, maraqların qarşılıqlı nəzərə alınması, çoxqütblü dünya nizamını və qlobal maliyyə, ticarət sisteminin ədalətli modelini formalaşdırmaq istəyi, dövrün ən aktual problemlərinin birgə səylər nəticəsində həlli yollarının axtarışıdır. Azərbaycan hər zaman xarici siyasətində bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsiplərini öndə saxlamaqla, çoxqütblü dünya nizamının formalaşmasına töhfələri ilə diqqətdədir. Dövlətimizin başçısı sözügedən Sammitdəki çıxışında da bu məqamı xüsusilə tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.

Xəbər lenti

Xəbər lenti