Bakı. Trend:
26 oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərində “Gürcü Arzusu” partiyası xalqın güvənini qazanaraq, 54,24% səs topladı. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, partiyaya 1 087 801 seçici səs verib, bu da ölkənin siyasi mənzərəsini böyük ölçüdə formalaşdırdı.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
A.Qarayev bildirib ki, əsasən, qərbyönümlü müxalifət koalisiyası isə 37,33% səs toplayıb.
"Bu nəticə Gürcüstanda siyasi sabitliyin və bölgədə sülhün möhkəmləndirilməsi baxımından əhəmiyyət kəsb edir.
Qərbin bölgədə fəallığını artırmaq və cəbhələşməni təşviq etmək cəhdlərinə rəğmən, gürcü xalqının səsvermədə göstərdiyi qərarlılıqla regionun sülh və sabitlik kursuna sadiqliyi vurğulandı. Əgər seçkilərdə müxalifət partiyaları üstünlük əldə etsəydi, Qərbin dəstəklədiyi şəxslərin rəhbərliyə gəlməsi, bölgənin sabitliyinin pozulması və cəbhələrin yenidən qurulması riski yarana bilərdi. Gürcüstan xalqının seçimi Gürcüstanın Qərbin potensial müstəmləkə siyasətindən qorunması və daxili sülhün saxlanması baxımından kritik önəm daşıyır”.
Politoloq qeyd edib ki, seçkilərin nəticələri Azərbaycan və Gürcüstan arasındakı dostluq və əməkdaşlıq əlaqələrini gücləndirdi.
“Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə ünvanladığı təbrik məktubunda seçkilərin nəticələrinin Azərbaycan-Gürcüstan əlaqələrinə dayanıqlı töhfə verəcəyinə inam ifadə edib. Məktubda bu əməkdaşlığın Cənubi Qafqaz regionunda sabitliyi təşviq etməklə yanaşı, ölkələrimizin beynəlxalq aləmdə mövqelərinin güclənməsinə xidmət edəcəyinə ümid ifadə olunub”.
Onun sözlərinə görə, bu seçki nəticələri, həmçinin, Gürcüstan və Azərbaycanın tarixi dostluq, qardaşlıq və mehriban qonşuluq əlaqələrində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Gürcüstanda yaşayan təxminən 300 min azərbaycanlı cəmiyyətin mühüm bir parçası olaraq ölkənin gələcək istiqamətlərinə təsir göstərir.
“Azərbaycanlı seçicilərin seçkilərdə hakim partiyaya göstərdiyi dəstək onların ölkədə sülh və sabitlikdən yana olduqlarını və ənənəvi dəyərlərə bağlılıqlarını nümayiş etdirdi. Bu, Azərbaycanın və Gürcüstanın Qərbin bölgəyə gətirmək istədiyi münaqişələrə qarşı ortaq bir mövqedə birləşdiyini göstərir.
Azərbaycanlı icmanın seçkilərdə fəallığı regionda potensial münaqişələrin yaranmasının qarşısını aldı. Gürcüstanda yaşayan azərbaycanlıların dövlətin gələcəyinə dəstək verməsi həm Azərbaycan-Gürcüstan dostluğunu gücləndirir, həm də Cənubi Qafqazda regional sabitliyin qorunmasına xidmət edir. Bu, Azərbaycan-Gürcüstan əlaqələrinin yalnız tarixi köklərə deyil, həm də bugünkü qlobal çağırışlara cavab verdiyini göstərir. Gürcüstan hökumətinin gələcəkdə də azərbaycanlı vətəndaşlarının hüquqlarını və ehtiyaclarını diqqətdə saxlayacağına dair gözləntilər yüksəkdir”.
A.Qarayev əlavə edib ki, Gürcüstan hökumətinin azərbaycanlı icmasının ehtiyaclarına xüsusi diqqət ayırması, bu icmanın Gürcüstanın və Azərbaycanın daha güclü olması üçün müsbət təsirini davam etdirəcəyini göstərir. Bu birlik regiondakı digər ölkələr, xüsusən də Ermənistan üçün bir örnək ola bilər, çünki qonşularla aqressiv münasibətlər əvəzinə konstruktiv əməkdaşlığın daha böyük faydalar verdiyi ortaya çıxır.
Gürcüstan parlament seçkilərində “Gürcü Arzusu” partiyasının qələbəsi Cənubi Qafqaz regionunda sabitliyin və sülhün təmin edilməsi yolunda əhəmiyyətli bir addım oldu. Azərbaycan və Gürcüstanın bu sarsılmaz dostluğu iki ölkənin ortaq dəyərlər və maraqlar üzərində qurulmuş əməkdaşlığını daha da gücləndirir. Bu seçkilərdən sonra Azərbaycan-Gürcüstan dostluğu həm regional sabitlik, həm də beynəlxalq aləmdə daha güclü mövqelərin formalaşması üçün güvən verici əsas kimi qalır”.