Bakı. Trend:
Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi, Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin “qara qutu”larının deşifrəsini tamamlayıb.
Trend xəbər verir ki, bu barədə Braziliyanın G1 portalına departamentdəki mənbələr məlumat verib.
Mənbənin bildirdiyinə görə, iki ədəd “qara qutu”dan məlumatların çıxarılması, toplanması və yoxlanılması prosesləri başa çatıb.
Bundan əlavə, “O Globo" qəzeti qeyd edib ki, departament artıq Qazaxıstanın müvafiq hakimiyyət orqanlarına araşdırma nəticələrini göndərib.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.