...

Parislə münasibətlərin normallaşması üçün qətiyyətli, yeni Fransa lazımdır – ŞƏRH

Siyasət Materials 15 Yanvar 2025 13:24 (UTC +04:00)
Parislə münasibətlərin normallaşması üçün qətiyyətli, yeni Fransa lazımdır – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Azərbaycana qarşı təxribatlarının davam etdiyini görürük. Bu gün də Parisin siyasətində heç bir dəyişiklik yoxdur. Bu təmaslar olsa da, mesajlar verilsə də, Fransanın bizə qarşı bugünkü siyasətində heç bir dəyişiklik görmürük. Yenə də ölkəmizə qarşı eyni addımların atıldığını, təxribatların törədildiyini müşahidə edirik. Bunlara son qoyulduqdan sonra hansısa əməkdaşlıqdan söhbət gedə bilər.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın bu məsələdə əsas yanaşması və mövqeyi ondan ibarətdir ki, Fransa ölkəmizə qarşı təxribatlar, ikili standartlar, ədalətsizliyə qərəzli yanaşmaya son qoymalıdır və Ermənistanı silahlandırmamalıdır.

“Bu gün biz ümumi prosesə baxanda görürük ki, bölgəmizdə gərginlik yaradan, sülhün gəlməsinə mane olan, münasibətləri daha da mürəkkəbləşdirən ölkələrdən ən öndə gedəni Fransadır. Həm Ermənistanı silahlandırır, İrəvan vasitəsilə bizə qarşı təxribat xarakterli addımlar atır.

Fransa siyasətini, yanaşmasını dəyişsə, bu istiqamətdə təxribatlara son qoysa, Ermənistanı öldürücü silahlarla təmin etməyi dayandırsa, müəyyən addımlar atıla bilər. Fransa eyni siyasəti davam etdirsin, BMT səviyyəsində qətnamə qəbullandırmağa çalışsın, Ermənistanı silahlandırsın, bütün hallarda Azərbaycan əleyhinə təbliğat aparsın, digər Avropa ölkələrinə təsir etsin, Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsinə çalışsın - bu şərtlərlə münasibətlərin normallaşmasından söhbət gedə bilməz”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə Trend-ə açıqlamasında bildirib ki, Fransanın hakim dairələri ilə əlaqələrin qurulması, Azərbaycanla münasibətlərin əvvəlki vəziyyətinə qayıtması sadə və bir gündə bir təmasla həll olunan məsələ deyil:

“Çünki Makron Fransası həddindən artıq qərəzli, birtərəfli, beynəlxalq hüquqa zidd mövqe nümayiş etdirməklə münasibətlərə çox dərin zərər vurub. Bunun aradan qaldırılması üçün qətiyyətli, yeni Fransa lazımdır. Nə qədər ki Emmanuel Makron hakimiyyətdədir, bu, mümkün deyil. Prezident İlham Əliyev bununla bağlı mövqeyini bildirdi və qeyd etdi ki, əməkdaşlığa hazırıq, yetər ki, bu, bərabərhüquqlu olsun, beynəlxalq hüquq, ədalətə söykənsin. Dövlət başçısı qeyd etdi ki, biz heç yerə getməyəcəyik, kim münasibətləri düzəltmək istəyirsə, Azərbaycana gəlsin”.

Deputat xatırladıb ki, Prezident İlham Əliyevin müsahibəsindən bir neçə gün sonra Brüsseldən Azərbaycana yüksək səviyyəli qonaqlar gəlib və tərəflərin maraqlarına cavab verən məsələlər ətrafında müzakirə aparılıb.

“Eyni şəkildə Fransa da bu istiqamətdə hansısa addımlar atsa, bərabərhüquqlu qaydada, şəffaf və ədalətli şəkildə nəyisə müzakirə etmək lazım olsa, Azərbaycan buna hazırdır. Şübhəsiz ki, Azərbaycanın heç vaxt hansısa ölkə ilə münasibətləri gərginləşdirməkdə maraqlı olmayıb, yetər ki, onun mənafeləri qorunsun. Fransa da əgər Azərbaycanla münasibətlərə yenidən baxmaq istəyirsə, öz yanlış xarici siyasətini yenidən qiymətləndirmək istəyirsə, belə təmaslar mümkdündür”, - deyə H.Babaoğlu əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti