Bakı. Trend:
“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla dialoq” analitik layihəsinin yeni buraxılışı yayımlanıb.
Trend xəbər verir ki, verilişin budəfəki qonağı Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Azərbaycan Rəssamlıq Akdemiyasının dosenti Şirin Məlikova olub.
Söhbət zamanı Şirin Məlikova incəsənətin sadəcə dövrün əksi yox, həmçinin əsrlər boyu həkk olunmuş canlı izi olduğunu bildirib.
“Muzeylər sadəcə artefaktların saxlandığı yer deyil. Bu, keçmişlə gələcəyi birləşdirən bir körpüdür, bilik, estetika və mənəvi inkişaf mərkəzidir. Bizim missiyamız təkcə incəsənət əsərlərini toplamaq və saxlamaqdan yox, eyni zamanda onları cəmiyyət üçün əlçatar etməkdən ibarətdir”, - deyə o bildirib.
Onun sözlərinə görə, mədəni dəyərlər milli şüuru formalaşdırır və nəsilləri tərbiyələndirir:
“Uşaqların balaca yaşlarından incəsənətlə təmasda olması olduqca vacibdir. O insana yaxşılığı, gözəlliyi, harmoniyanı aşılayır. Dahi əsərlərin arasında böyüyən insanlar mədəni abidələrə atəş açmayacaq, muzeyləri dağıtmayacaq və kolleksiyaları talan etməyəcək. Mən buna səmimi qəlbdən inanıram”.
Şirin Məlikova Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxladığı müddət ərzində Azərbaycan mədəniyyətinin üzləşdiyi iri miqyaslı dağıntılardan da söz açıb.
“Qarabağ işğal olunana qədər orada 22 muzey var idi. İndi onlardan heç nə qalmayıb – nə bina, nə kolleksiya. Minlərlə qiymətsiz eksponat ya məhv edilib, ya da naməlum istiqamətdə ölkədən çıxarılıb. Bəzi əşyaları xilas etmək mümkün olub. Misal üçün, Milli Xalça Muzeyinin filalı, Şuşada yerləşən Xalça muzeyindən 246 eksponatdan 183-nü təxliyyə etmək mümkün olub. 1959-cu ildən etibarən fəaliyyət gösətərən Üzeyi Hacıbəylinin ev muzeyində isə 1500-dən çox eksponat var idi, onlardan yalnız 132-ni çıxarmaq mümkün olub. Halbuki kolleksiyanın əsas hissəsi yoxa çıxıb. Biz ilk dəfə işğaldan azad edilmiş Şuşaya gedəndə, qarşımızda dəhşətli bir mənzərə canlandı: bir vaxtlar çiçəklənən şəhər viranəliyə dönmüşdü. Abidələr, muzeylər, ən məşhur binalar məhv edilmişdi. Amma bunun simvolik tərəfi Qarabağa insanlardan qabaq məhz eksponatların qayıtması oldu”,- deyə Məlikova bildirib.
Azərbaycanın mədəni siyasətindən söz açan Şirin Məlikova, ölkənin hər zaman tolerantlıq nümunəsi və xalqların və dinlərin sülh şəraitində bərabər yaşadığı bir məkan olduğunu vurğulayıb:
“Burada müxtəlif konfessiyaların və etnik qrupların nümayəndələri əsrlər boyu vahid səma və günəş altında yaşayıblar. Biz də sülh şəraitində bir-birilə qonşuluqda məscidlər, pravoslav, katolik və protestant kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Heç vaxt antaqonizm olmayıb – Azərbaycan tarixən sivilizasiyaların dialoq məkanı olub” .
O həmçinin, Bakıda günümüzə kimi erməni kilsəsinin fəaliyyət göstərdiyini və oradakı dövlətin mühafizəsində olan erməni əlyazmalarından ibarət arxivlərin diqqətli şəkildə qorunub-saxlanıldığını xatırladıb.
“Tarixi irsin qorunması bizim dövlətçilik prinsipimizdir. Azərbaycan təkcə öz mədəniyyətini qorumaqla kifayətlənmir, həm də dünya mədəniyyət abidələrinin bərpasında iştirak edir. Bizim missiyamız - gələcək naminə keçmişi qorumaqdır”, – deyə Məlikova vurğulayıb.
Söhbətin sonunda Şirin Məlikova regionda dayanıqlı sülhə ümid bəslədiyini diqqətə çatdırıb:
“Bizim region – tarixlə, mədəniyyətlə, iqtisadi potensialla zəngin qədim sivilizasiyaların beşiyidir. Biz qarşılıqlı anlaşma, hörmət və firavanlığa əsaslanan gələcək qurmalıyıq. İnanıram ki, hamı elə bu nəticəyə gələcək”.