...

İrəvanda Azərbaycan mahnısının oxunmasına reaksiya Ermənistan hakimiyyətinin “milli təhlükəsizlik” anlayışının bəsitliyini göstərir – ŞƏRH

Siyasət Materials 4 Fevral 2025 19:19 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Real vəziyyət ondan ibarətdir ki, Ermənistanın siyasi rəhbərliyi və erməni toplumunun əhəmiyyətli hissəsi Azərbaycan dilində ifa olunan mahnını belə “milli təhlükəsizliklərinə təhdid” kimi dəyərləndirir. Ermənistana səfər edən və İrəvanda öz ana dillərində mahnı oxuyaraq şənlənən insanlara az qala təpədən-dırnağa silahlanmış döyüşçü kimi yanaşırlar və bu vəziyyət Ermənistan hakimiyyətinin “milli təhlükəsizlik” anlayışının nə qədər bəsit olması ilə yanaşı, monoetnik erməni cəmiyyətində mövcud olan antihumanist, ultramillətçi meyllərin nə qədər güclü olduğunu, Azərbaycan və turkofobiyanın sağalmaz bir xəstəliyə çevrildiyini sübuta yetirir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

“Ermənilərdə məşhur bir deyim var: “Yalan həqiqətin qəlpələridir”. Düşünürəm ki, bu deyim ultramillətçi, xəstə erməni təfəkkürünün əsl mahiyyətini əks etdirir. Bu təfəkkür uzun illərdir ki, qəlpə-qəlpə yalanları bir araya gətirərək öz həqiqətini yarada bilmir. Çünki həqiqət heç vaxt qəlpələnmir və hətta qəlpələnsə də belə, həqiqətin bir parçasına çevrilir. Əsl erməni həqiqəti isə ermənilərin digər atalar sözündə ifadə olunur: “Harda çörək varsa, ora vətəndir”, - deyə deputat bildirib.

Millət vəkili vurğulayıb ki, erməniləri türklərə, azərbaycanlılara və bütövlükdə erməni olmayanlara qarşı nifrət üzərində kökləyən əfsanə və nağıllar Adolf Hitleri ekstaza gətirən mistik hekayədən fərqli deyil:

“Nifrət, yalan, xəstə, şizofrenik təfəkkürdən doğan mistik fərziyyələr üzərində qurulan ideyalar nüvə silahından da dəhşətli silahdır. Faşizmin, o cümlədən erməni faşizminin tarixi də bunu sübuta yetirir. Məhz bu xüsusda diqqəti Adolf Hitlərlə bağlı bir məqama çəkmək istəyirəm. Bilirsiniz, Adolf Hitleri bütün dünyanı ələ keçirmək xülyasına düşürən təəssürat bəşər tarixinin ən böyük qatilində harada formalaşıb? Muzeydə... Bəli, dünya mədəniyyətinin, bəşəri düşüncənin düşməni olan Hitler sonradan məhv etdirdiyi muzeylərdən birində yüzbaşı Longinin İsa Məsihi çarmıxdan endirən zaman istifadə etdiyi nizəni gördükdən və yeniyetməlik illərində sözügedən nizənin dünya üzərində hökm sürmək imkanı verdiyi barədə əfsanəni xatırladıqdan sonra dünyaya sahiblənmək niyyətinə düşüb. Bir yalan, bir əfsanə onmilyonlarla insanın ölümünə, şəhər və kəndlərin dağıdılmasına, tarixi və mədəniyyət abidələrinin yerlə bir edilməsinə səbəb olub”.

Elçin Mirzəbəylinin sözlərinə görə, Azərbaycan dilində mahnının ifasına görə İran vətəndaşının məsuliyyətə cəlb edilməsi Ermənistanın hüquqi dövlət olmadığını ortaya çıxarır.

“Bu hadisə Ermənistanın ultramillətçi bir təşkilat - Qnçak və ya Daşnaksütyunun qatı antitürk, anti-Azərbaycan ideoloji platforması üzərindən idarə olunduğunu təsdiqləyir və təbii ki, bir sıra sualların ortaya çıxmasına zəmin yaradır. Azərbaycan dilində mahnı ifadə etdiyinə görə, günahsız şəxsləri təqib və məsuliyyətə cəlb edən Ermənistan Zəngəzur dəhlizindən keçən azərbaycanlıların və Azərbaycana məxsus yüklərin təhlükəsizliyini necə təmin edə bilər?

İndiki durumda Ermənistan cəmiyyəti nə dərəcədə davamlı sülhə hazırdır və Azərbaycanlı identikliyinə düşmən kəsilmiş bu ölkəyə necə etibar etmək olar? Erməni cəmiyyəti bu qatı ultramillətçi düşüncədən xilas olmadıqca Cənubi Qafqazda etimadlı münasibətlərdən söz açmaq da mümkün olmayacaq”, - deyə deputat qeyd edib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə Trend-ə açıqlamasında bildirib ki, istənilən demokratik ölkədə turist qrupu və yaxud səyahət edən şəxslər hər hansı dildə istədikləri mahnını səsləndirə bilirlər, bu, normal qarşılanır:

“Bu, demokratik ölkələrdə mədəniyyət, musiqi mübadiləsi kimi qiymətləndirilir. Avropanın əksər şəhərlərində müxtəlif dillərdə səslənən mahnılar ətrafdakılar tərəfindən alqışla qarşılanır. Lakin Azərbaycan dilində səsləndirilən mahnı az qalsın Ermənistan cəmiyyətində faciə kimi qarşılandı. Ermənistanın bütün hüquq-mühafizə orqanları, siyasi təşkilatları, müxalif qrupları bu məsələyə toxunaraq bir fobiya içərisində olduqlarını göstərdilər. Bu, Ermənistan cəmiyyətində mövcud olan azərbaycanlılara qarşı etnik nifrətlə bağlıdır. Belə fobiya ilə yaşayan cəmiyyət nə dövlət ola bilər, nə qonşuları ilə normal münasibət qura bilər, nə də demokratiya yarada bilər”.

Millət vəkili vurğulayıb ki, İrəvanda baş verən hadisə Nikol Paşinyanın hər yerdə Ermənistanı demokratik ölkə kimi təqdim etməsinin testi kimi qiymətləndirilməlidir:

“Bəlli oldu ki, Ermənistanda nəinki demokratiya, heç fərqli dilə, sözə, musiqiyə belə dözümlülük yoxdur, qeyri-tolerant bir cəmiyyətdir. Bütün bunlar ola-ola çox paradoksaldır ki, Ermənistanın baş naziri ABŞ-yə gedir və orada etnik, din azadlıqları məsələləri ilə bağlı təşkil olunan tədbirdə iştirak edir. Bu, ironik bir hadisədir.

Bu hadisəyə etiraz edən 70 yaşlı bir şəxsdir - Qarib Babayan. O dövlətə şikayət edir ki, necə olur ki, İrəvanın mərkəzində belə mahnı səsləndirilir?! O, mahnını oxuyan şəxslərin dövlət tərəfindən cəzalandırılmasını istəyir. 70 yaşlı pedaqoji fəaliyyətlə məşğul olan, tədqiqat işlərinə sahib olan, alim kimi təqdim olunan şəxsin Azərbaycan dilinə münasibəti budursa, demək ki, 30 il torpaqlarımızı işğalda saxlayan, ərazilərimizi talan edən ermənilərin hər biri bu düşüncə sahibidir. Onlar birgə yaşayış qaydalarını bilmirlər. Ermənistan Cinayət Məcəlləsinin 329-cu maddəsinə uyğun olaraq etnik nifrət yayan videonu yaydığına görə onun haqqında həbs tələb edilirdi. Amma ictimaiyyət və “QHT”lərin müraciətindən sonra məhkəmə inzibati cəza ilə kifayətləndi. Bu da Ermənistanın hüquq sistemində çatışmazlıqların olması ilə əlaqədardır”.

Hikmət Babaoğlu qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizi məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməzsə, azərbaycanlıların maneəsiz keçidi təmin olunmazsa, Paşinyanın dediyi kimi, Ermənistanın yurisdiksiyasında verilən yol bir çox problemlərə səbəb ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti