Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın və İlon Maskın sosial şəbəkələr üzərindən ictimailəşən fikirləri, həmçinin onların müsahibə və çıxışlarında USAID-lə bağlı yer alan ittihamlar Azərbaycanın sözügedən təşkilata münasibətdə tamamilə doğru və obyektiv yanaşma nümayiş etdirdiyini bir daha təsdiqləyir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.
Millət vəkili vurğulayıb ki, USAID xüsusilə də Co Bayden tərəfindən qatı ermənipərəst Samanta Pauerin bu qurumun rəhbərliyinə gətirilməsindən sonra qlobal sülh üçün ciddi təhlükəyə çevrilmişdi:
“Samanta Pauerin Fransanın siyasi dairələri ilə birlikdə Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasına maneə yaratması, bölgəni yenidən müharibəyə sürükləmək istəyən Emmanuel Makron və ətrafı ilə sıx işbirliyində olması, müharibə və münaqişələrin maliyyələşdirilməsi, aqressiv separatizm və terrorizmin stimullaşdırılması üçün nəzərdə tutulan “Avropa Sülh Fondu” ilə sinxron hərəkət etməsi USAID-in çirkli geosiyasi oyunların alətlərindən birinə çevrildiyini təsdiqləyir.
Azər Kərimli qeyd edib ki, Samanta Pauer ermənipərəstliyin ən unikal “nüsxə”lərindən biri sayıla bilər.
“Bayden 2021-ci il aprelin 24-də qondarma soyqırımını tanıdığını bəyan etdikdən, daha dəqiq desəm, erməni yalanlarına əsaslanaraq “soyqırımı” ifadəsini dilə gətirdikdən sonra Samanta Pauer o qədər “xoşbəxt” və “mütəəssir” olub ki, sentyabrın 21-də doğulduğuna baxmayaraq, 24 apreli özünün yeni doğum günü elan edib. Və elə yeni “doğum günü”nü elan etdikdən bir neçə gün sonra - aprelin 29-da USAID-in rəhbəri postuna təyinat alıb.
Samanta Paueri USAID rəhbəri postuna aparan “keşməkeşli” yolda nəzərə çarpan ən maraqlı məqamlardan biri də onun Obama adminstrasiyasını tərk etdikdən sonra Ruben Vardanyan, Nubar Afeyan və Vartan Qreqoryanın birgə təsis etdikləri, qondarma soyqırımını təbliğ edənlərin “mükafatlandırılması” üçün nəzərdə tutulan “Avrora” mükafatının münsiflər heyətində təmsil olunmasıdır.
Samanta Pauer qondarma soyqırımını təşviq edənlərə, reallıqda isə yalan və böhtanla “silahlanaraq” saxta iddialar üzərindən nifrət və qisas hissi körükləyənlərə “minnətdarlıq” etmək üçün nəzərdə tutulan “Avrora mükafatı”nı “sülh mükafatı”, bu “mükafat”ı təsis edənləri, o cümlədən separatizm, terroru maliyələşdirən Ruben Vardanyanı “qəhrəman” adlandırırdı”, - deyə deputat sözlərinə əlavə edib.
Milli Məclisin deputatı Zaur Şükürov isə Trend-ə açıqlamasında Ağ Evin yeni administasiyasının USAID-lə bağlı gördüyü tədbirlərdən söz açıb:
“ABŞ-nin yeni hökuməti bu ölkənin Beynəlxalq İnkişaf Agentliyi - USAID-in fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul edib. Hökumətin fəaliyyətinin səmərəliliyi Departamentinin rəhbəri, milyarder İlon Mask USAID-in fəaliyyətini sərt tənqid edərək təşkilatın ləğv edilməsi prosesinə start verildiyini bildirib. Agentliyə müvəqqəti rəhbərlik ABŞ dövlət katibi Marko Rubioya həvalə edilib.
Ağ Evin mətbuat katibi Karolina Livit mətbuata açıqlamasında onilliklər boyu USAID-in lüzumsuz istiqamətlərə xərclədiyi vəsaitlərin siyahısını təqdim edərək hətta Əfqanıstanda narkotik bitkilərin becərilməsinə maddi dəstək göstərilməsinin, Suriyada terrorçu təşkilatlarla əlaqələri olmuş şübhəli QHT-lərin maliyyələşdirilməsinə yönəlmiş fəaliyyətlərin aşkar edildiyini bildirib”.
Beləliklə, uzun müddət beynəlxalq yardım pərdəsi altında gizlənmiş, qlobal miqyasda dağıdıcı “inqilabları”, radikal ünsürləri, narkotik istehsalını və terrorçuluğu dolayısı ilə dəstəkləmiş bir təşkilatın fəaliyyəti məhz təmsil etdiyi ölkənin administrasiyası tərəfindən dayandırıldı”.
Zaur Şükürov xatırladıb ki, USAID-in və təşkilatın rəhbəri Samanta Pauerin ölkəmizə qarşı davamlı olaraq təxribatçı və ikili standartlara əsaslanan riyakar fəaliyyəti hər kəsə məlumdur:
"ABŞ-nin Bayden Administrasiyası dönəmində keçən il bu təşkilat vasitəsi ilə Ermənistana yardımların artırılaraq 250 milyon dollara çatdırılması və məhz bu maliyyələşmənin nəticəsində Ermənistanın büdcəsində yaranacaq sərbəst maliyyə vəsaitinin hərbi məqsədlərə yönəldiləcəyi ilə bağlı narahatlığımız ifadə olunub. Bununla yanaşı, Samanta Pauerin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın təsisçisi olduğu, “humanitar fəaliyyət” çətiri ilə pərdələnmiş, əslində terrorçuluğu və separatizmi dəstəkləyən “Avrora” fondu ilə əlaqələrinin olduğu müəyyən edilib”.
“Qeyd olunanlar onu deməyə əsas verir ki, haqq və ədalətin tərəfdarı olan, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsiplərini rəhbər tutan ölkəmizə qarşı qərəzli və təxribatçı addımlar atan USAID və bu kimi digər təsisatların, o cümlədən bu təşkilatlara dəstək verən qüvvələrin bütün riyakar əməlləri ifşa olunacaq”, - deyə deputat qeyd edib.