Bakı. Trend:
Azərbaycan Milli Məclisinin sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının 15-ci Plenar sessiyasında 35 dövlət və beynəlxalq təşkilatdan 260-dan çox nümayəndə, o cümlədən 10 dövlətin parlament sədri, 4 dövlətin isə parlament sədrinin müavini iştirak edib. “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusunda baş tutan plenar sessiyada çıxışlar edilib və beynəlxalq münasibətlər sistemində multilaterailizmin təşviqində parlamentlərin və parlamentlərarası birliklərin rolu vurğulanıb.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin bu gün keçirilən plenar iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Millət vəkili vurğulayıb ki, Bakı Bəyannaməsi və APA Katibliyinin yekun hesabatı qəbul edilib. Həmçinin siyasi, davamlı inkişaf, iqtisadiyyat, maliyyə, büdcə və planlaşdırma, mədəniyyət, sosial məsələlər və iqlim dəyişiklikləri ilə mübarizə və digər məsələləri əhatə edən 29 qətnamə təsdiq edilib:
“Asiya Parlament Assambleyası Ermənistandan qovulmuş azərbaycanlıların ata-baba yurdlarına qayıtmalarının təmin olunması məqsədilə səylərin səfərbər edilməsi üçün çağırış edib. Bu müddəa Asiya Parlament Assambleyasının 20 fevral 2025-ci ildə qəbul etdiyi Bakı Bəyannaməsinin mətnində əksini tapıb. Bəyannamədə qeyd edilib ki, “Biz, Asiya Parlament Assambleyasında təmsil olunan parlamentlərin üzvləri Qərbi Azərbaycan İcmasının, beynəlxalq insan hüquqlarına dair müxtəlif sənədlərdə təsbit edildiyi kimi, Ermənistandakı öz əcdadlarının evlərinə qayıdışı üçün dialoqa başlamaqla bağlı dəfələrlə etdikləri müraciətləri qəbul edir və bu qovulmuş Azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmini üçün bütün səyləri səfərbər edirik”, - deyə R.Nəbiyev qeyd edib.