Bakı. Trend:
Qərbi Azərbaycanın sərvətləri bütövlükdə millətimizə məxsusdur. Ona görə də tarixi torpaqlara qayıdış təkcə bir bölgə əhalisinə aid ola bilməz- Qarabağ ümummili səfərbərlik idealı olduğu kimi, tarixi torpaqlara dinc, sülhpərvər və qanuni dönüş də xalqımızı bütövləşdirməyə, vahidliyini qorumağa xidmət edir.
Trend xəbər verir ki, bunu bu gün Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc “Deportasiyaya uğrayan irsin izi ilə” elmi-praktiki konfransında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, Qarabağ hadisələri İrəvandan başlandığı üçün orada da bitəcək:
“Qərbi Azərbaycan məsələsinin tarixi, mədəni, mənəvi kökləri ilə yanaşı, siyasi, ideoloji, geopolitik və hüquqi aspektləri var. Onu diplomatik təzyiq vasitəsi qəbul etmək yanlışdır.
Son iki ildə Qərbi Azərbaycana qayıdış üzrə görülən işlərin miqyasını qiymətləndirmək bir konfransın işi deyil. Aparılan siyasət bəlli səbəblərdən bütün miqyası ilə cəmiyyətə və dünyaya çıxarılmasa da, dəqiq strateji hədəflərinə, vəzifə bölgüsünə və yüksək təşkilati, informativ və ideoloji sistemliliyinə, nəhayət, hesabatlılığına görə yüksək səviyyədədir və hər keçən gün daha da vüsət alır”.
Zahid Orucun sözlərinə görə, Qarabağdan Zəngəzura gedən yol qayıdış idealını və hərəkatını formalaşdırır.
“Şübhə etmirik ki, Qərbi Azərbaycana qayıdışın reallaşmasında regionun və dünyanın aparıcı dövləti qardaş Türkiyənin, təşkilat kimi Türk Dövlətləri Təşkilatının rolu artacaqdır. İnanırıq ki, Zəngəzur dəhlizinin açılması Qərbi Azərbaycana qayıdışı sürətləndirəcək”, - deyə deputat qeyd edib.