Bakı. Trend:
Azərbaycan çətin məqamda öz etibarlılığını nümayiş etdirdi və Bolqarıstan və Cənub-Şərqi Avropa ölkələri üçün strateji tərəfdaşa çevrildi.
Trend xəbər verir ki, bunu Bolqarıstanın keçmiş prezidenti Rosen Plevneliyev 12-ci Bakı Qlobal Forumuna həsr olunmuş mətbuat konfransında bildirib.
“Biz Azərbaycanla strateji tərəfdaşlığımızdan qürur duyuruq. Biz ona olduqca minnətdarıq, belə ki, Azərbaycan çətin dönəmdə öz etibarlılığını sübut edib. Məsələn, “Qazprom” Bolqarıstana tədarük olunan qazı bir gün dayandırdı, Azərbaycan isə bizim köməyimizə gəldi, strateji tərəfdaşlıq və qarşılıqlı etibarlı münasibətlər qurmağa nail oldu”, - deyə R.Plevneliyev bildirib.
O vurğulayıb ki, Bolqarıstan və digər region ölkələri əməkdaşlığı daha da genişləndirərək, ikitərəfli ticarətin həcmini genişləndirmək istəyir.
“Artıq Rumıniya, Bolqarıstan, Macarıstan və başqa ölkələrlə müqavilələr bağlanıb, həmçinin, Gürcüstanla yeni layihə üzrə müqavilə bağlanıb ki, bu “yaşıl” enerjinin Avropaya tədarükü baxımından önəmli olacaq. Həmçinin, rəqəmsal rabitə və nəqliyyat infrastrukturu inkişaf edir”, - deyə keçmiş Bolqarıstan prezidenti əlavə edib.
R.Plevneliyev qeyd edib ki, gələcəkdə Azərbaycanla Balkan ölkələri arasında əməkdaşlığın və strateji tərəfdaşlığın daha da güclənməsi müşahidə olunacaq ki, bu da bütövlükdə region üçün müsbət faktordur.