Bakı. Trend:
İcra işlərində kütləvi problem təminatsız kreditlər məsələsidir. Borculunun sabit gəliri, tutuma yönəldilə biləcək əmlakı olmayanda işlərin icrası mümkünsüz olur, borclular barəsində məsuliyyət tədbirlərinin icrasına da yol verilmir. Belə işlərin çəkisinin artması isə icra göstəricilərinə mənfi təsir göstərir.
Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında çıxışında bildirib.
Millət vəkili bildirib ki, dövlət orqanları banklarla geniş müzakirələr apara bilər.
“Nə üçün belə yüksək faizlərlə və qaytarılması öncədən mümkünsüz görünən milyonlarla manat vəsaitinin vətəndaşların üzərinə yüklənməsinə gedirlər? Bəlli olduğu kimi, devalvasiya nəticəsində məbləği 1 milyard manatdan yuxarı olan problemli kreditlərin qaytarılması üçün Prezident İlham Əliyev tərəfindən müvafiq tədbirlər görüldü, külli miqdarda vəsaitlər borcların qapadılmasına yönəldildi və indiki 400 milyon manatlıq səviyyəyə endirilməsinə gətirib çıxardı. Lakin iqtisadi-sahibkarlıq mühitmiz üçün sözügedən rəqəmin özü də ağır problemdir. Təəssüflər olsun ki, təminatlı kreditlərdə də icra olunmayan işlərin sayı 100 mindən çoxdur", - o bildirib.
Onun sözlərinə görə, işlərin kəskin artımı icra məmurlarının iş yükünü kritik həddə çatdırır.
"Bir icra məmuruna düşən işilərin sayı il ərzində 3000-ə yaxın olur. Lakin rəqəmlərin orta göstəricisi dəqiq mənzərə deyil, çünki ayrı-ayrı icra orqanlarında həllini gözləyən qərarların sayı qat-qat çoxdur.
Özəl icra təsisatını qurmaq da dövlətin səlahiyyətlərinin çox asanlıqla digər qurumlara verilməsindən çox onun effektiv olacağına və iqtisadi əsaslandırılmasına ehtiyacı göstərir. Belə ki, Qazaxıstan nümunəsi heç də uğurlu olmayıb”, - komitə sədri qeyd edib.