...

Azərbaycan dili yalnız bu günün deyil, gələcəyin də dilidir - Deputat

Siyasət Materials 21 Aprel 2025 16:00 (UTC +04:00)
Azərbaycan dili yalnız bu günün deyil, gələcəyin də dilidir - Deputat

Bakı. Trend:

“Azərbaycan dili türkdilli dillər ailəsinin Oğuz qrupuna aid olub, Azərbaycanda dövlət dili statusuna malikdir. Dil təkcə bir ünsiyyət vasitəsi deyil, həm də xalqın mədəniyyətinin, tarixin və milli kimliyinin daşıyıcısıdır”.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, Azərbaycan dilinin tarixi qədim dövrlərə, Orta əsrlərə qədər uzanır: "Atabəylər, Qaraqoyunlular, Səfəvilər və digər dövlətlər dövründə dilin müxtəlif formaları istifadə olunub. XIX əsrdən etibarən Azərbaycan dili daha da inkişaf edərək yazılı ədəbiyyatda, təhsildə və ictimai həyatda geniş istifadə olunmağa başlamışdır. Sovet dövründə isə dil rəsmi status qazansa da, müəyyən ruslaşdırma siyasətləri ilə qarşı-qarşıya qalmışdır. Lakin Ümummilli Lider Heydər Əliyev bu yolda yorulmaz və cəsarətli əmək sərf edərək Azərbaycan dilinə dövlət dili statusunun verilməsinə nail olmuşdur. Belə ki,1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dili kimi qəbul olunmuşdur".

A.Həsənova qeyd edib ki, Azərbaycan ikinci dəfə müstəqilliyini qazandıqdan sonra Azərbaycan dili yenidən öz layiqli yerini tutmuşdur: “1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirdi: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. 2002-ci ildə isə “Dövlət dili haqqında” Qanun qəbul edildi. Bu sənədlər dilin rəsmi statusunu qorumaqla yanaşı, onun inkişafına və tədrisinə də hüquqi zəmin yaratdı”.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir:

"Müasir dövrdə Azərbaycan dilinin internet və texnologiyada daha geniş yer alması üçün bir sıra layihələr həyata keçirilir. Elektron lüğətlər, tərcümə proqramları, Azərbaycan dilində mobil tətbiqlər və e-kitablara olan maraq artmaqdadır. Dövlət səviyyəsində rəqəmsal məzmunun artırılması istiqamətində təşəbbüslər vardır. Eyni zamanda süni intellekt sistemlərində, avtomatik nitq tanıma və tərcümə texnologiyalarında Azərbaycan dilinin inteqrasiyası vacib məsələlərdən biridir. Azərbaycan dili yalnız bu günün deyil, gələcəyin də dilidir. Onu yaşatmaq — tarixə, mədəniyyətə və gələcək nəsillərə olan borcumuzdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti