Bakı.Trend:
Almatı prosesinin məqsədi əhatə olunan regionlarda miqrasiya və qaçqınların hüquqlarının müdafiəsi üzrə məsələlər istiqamətində əməkdaşlığı dərinləşdirmək, qanuni miqrasiyanı asanlaşdırmaq və aidiyyatı dövlət qurumları, dövlətlər arasında əlaqələri gücləndirməkdir.
Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Almatı Prosesinin 3-cü Nazirlər Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
O qeyd edib ki, Azərbaycan bu prosesə son 2 ildir sədrlik edir.
"Bugünki tədbirin məqsədi əsas 3 istiqamətlidir: Birincisi, Azərbaycanın sədrliyinə, ümumən son 2 il ərzində Almatı prosesinin inkişafına nəzər yetirmək. Həmçinin sədrliyin yeni sədrə ötürülməsini təmin etmək. Bu, Qazaxıstan Respublikasıdır. Və eyni zamanda təşkilatın növbəti illər üçün prioritetlərini müzakirə etməkdir. Bu Nazirlər Konfransında həmçinin Almatı prosesi üçün yaxşı bir hadisə də baş verib ki, bu Bakı Bəyannaməsinin qəbul edilməsidir. Bakı bəyannaməsi Azərbaycan tərəfinin təşəbbüsü ilə hazırlanan,razılaşdırılan bir sənəddir. Bakı bəyannaməsi növbəti illər üçün fokslanmalı olan əsas istiqamətləri müəyyən edir”,-deyə xidmət rəisi qeyd edib.