Bakı.Trend:
Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dünyasının inteqrasiyasında yeni strateji mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Bu sözləri Trend-ə politoloq Azər Qarayev bildirib.
Politoloq bildirib ki, Zirvə həm simvolik, həm də siyasi baxımdan mühüm mesajlar verdi — Türk dövlətlərinin artıq yalnız mədəni yaxınlıq deyil, vahid geosiyasi maraqlar əsasında birləşdiyini təsdiqlədi.
"Prezident İlham Əliyev çıxışında bildirdi ki, TDT bu gün sadəcə əməkdaşlıq platforması deyil, qlobal siyasətdə özünəməxsus güc mərkəzinə çevrilir. Bu fikir Təşkilatın transformasiyasını aydın şəkildə ifadə edir – mədəni və iqtisadi inteqrasiyadan çıxış edərək, TDT artıq vahid siyasi və təhlükəsizlik mexanizmi formalaşdırmaq istiqamətində irəliləyir."
A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin 2026-cı ildə Azərbaycan ərazisində Türk dövlətlərinin birgə hərbi təlimlərinin keçirilməsi barədə təklifi isə bu vizionun praktiki ifadəsidir.
"Bu addım TDT-nin gələcəkdə ortaq müdafiə siyasəti qurmaq potensialını nümayiş etdirir.Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm məqam Cənubi Qafqazda yaranan yeni geosiyasi mühitlə bağlı idi. Ermənistanla sülh sazişinin Vaşinqtonda paraflanması və ATƏT-in Minsk qrupunun ləğvi barədə açıqlamalar göstərir ki, Azərbaycan bölgədə ədalətə əsaslanan sabitlik modelini formalaşdırıb. Bu hadisələr regionda yeni diplomatik mühitin yaranmasına səbəb olub və Azərbaycanın sülh təşəbbüsləri Türk dünyası üçün ədalət üzərində qurulmuş sabitlik modelinin nümunəsinə çevrilib."
A.Qarayev vurğulayıb ki, bu, təkcə Azərbaycan üçün deyil, Türk dünyasının digər üzvləri üçün də nümunəvi təcrübədir – yəni suverenlik, təhlükəsizlik və müstəqilliyin təminatı ancaq milli güc və birgə əməkdaşlıqla mümkündür.
"Qəbələ Zirvəsində Zəngəzur dəhlizinin açılması və Orta Dəhlizin genişləndirilməsi məsələlərinin xüsusi vurğulanması TDT-nin iqtisadi inteqrasiyasının praktiki istiqamətlərini müəyyənləşdirdi. Azərbaycanın tranzit və enerji mərkəzi kimi rolu Türk dünyasının Qərblə Asiya arasında strateji körpü statusunu daha da möhkəmləndirir.Bu istiqamətdə həyata keçirilən “Orta Asiya–Azərbaycan–Türkiyə–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi Türk dövlətlərini yalnız enerji ixracatçısı deyil, həm də bərpaolunan enerji üzrə aparıcı mərkəzə çevirəcək."
A.Qarayev qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasında türk dövlətlərinin iştirakı sadəcə humanitar jest deyil, birliyin real siyasi və mənəvi təzahürüdür.
"Türk dövlətləri Qarabağ və Şərqi Zəngəzurun bərpasında fəal iştirak edirlər. Füzulidə Mirzə Uluqbəy adına məktəb (Özbəkistan), Ağdamda Manas məktəbi (Qırğızıstan), Cəbrayılda Macarıstan tərəfindən inşa edilən təhsil ocağı və Füzuli məscidinin Türkmənistanın hədiyyəsi olması, Türk həmrəyliyinin praktiki simvoluna çevrilib. Bu layihələr sadəcə bərpa prosesi deyil, həm də mənəvi birliyin, qarşılıqlı hörmətin və ortaq kimliyin konkret ifadəsidir. Bu fakt göstərir ki, Türk birliyi artıq təkcə diplomatik konsepsiya deyil, əməli fəaliyyət və qarşılıqlı dəstək üzərində qurulan real strateji əməkdaşlıqdır."