Bakı. Trend:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 17-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı yeni səfiri Mariyana Kuyundziçlə görüşüb.
Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən sədr ona Azərbaycan ilə Aİ arasında əməkdaşlığın genişləndirilməsi istiqamətindəki işlərində uğurlar arzulayıb.
Vurğulanıb ki, görüş zamanı Komitə sədri Azərbaycanda multikulturalizmə əsaslanan dövlət siyasəti, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dini təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələr barədə səfirə ətraflı məlumat verib.
Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dini sahədə görülən işlər ölkəmizdə bütün dinlərə bərabərhüquqlu şəraitin yaradıldığını, hökumətin bütün xalqların, etnik azlıqların hüquqlarına hörmətlə yanaşdığını, onların tarixi və mədəni irsinin qorunub saxlanılmasına xüsusi önəm verildiyini göstərir. Ramin Məmmədov bu baxımdan Azərbaycanın tolerantlıq modelinin örnək olaraq bütün dünyada daha geniş təbliğ olunmasının zəruriliyini vurğulayıb.
Ölkəmiz barədə xoş təəssüratlarını bölüşən səfir Mariyana Kuyundziç qısa müddət ərzində Azərbaycanda dinlərarası harmoniyanın canlı şahidi olduğunu qeyd edib. Dünyada qlobal təhlükəsizlik probleminin əsasını təşkil edən dini zəmindəki münaqişələrin dayandırılmasında bu cür birgəyaşayış modelinin təbliğinin xüsusi önəm kəsb etdiyini deyib. Azərbaycanda dini icmalarla əməkdaşlıq və qarşılıqlı dialoq sahəsində birgə təşəbbüslərin əhəmiyyətini qeyd edən səfir Aİ-Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcək layihələrə dəstək göstərməyə hazır olduqlarını bildirib.
Söhbət zamanı, eyni zamanda dini sahədə əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
