Bakı. Trend:
Azərbaycan bu gün ABŞ-nin və beynəlxalq ictimaiyyətin mühüm strateji tərəfdaşına çevrilərək iqtisadi, texnoloji və siyasi əməkdaşlığı genişləndirir, eləcə də regionda öz suverenliyini və təsirini gücləndirir.
Trend xəbər verir ki, bunu bu gün ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə Bakıda keçirilən Azərbaycan-ABŞ beyin mərkəzlərinin 1-ci forumunda çıxışında deyib.
O qeyd edib ki, ABŞ ilə münasibətlərin fəallaşmasının yeni mərhələsi müşahidə olunur və bu, son zamanlar artan səfərlərdə və iqtisadiyyatın müxtəlif sektorlarında ikitərəfli dialoqun genişlənməsində özünü göstərir.
“Bu gün biz ABŞ-nin Azərbaycana artan marağını və əməkdaşlığın texnologiyalar, investisiyalar və yeni iqtisadi sahələrin inkişafı da daxil olmaqla müxtəlif istiqamətlərdə dinamik şəkildə irəlilədiyini görürük”, – deyə o vurğulayıb.
Prorektorun sözlərinə görə, ölkə tarixinin mühüm bir mərhələsinə qədəm qoyur: neft gəlirləri artıq inkişafın əsas mənbəyi olmaqdan çıxır və diqqət iqtisadiyyatın modernləşdirilməsi, texnologiyaların, logistikanın və innovativ sahələrin inkişafına yönəlir. Aktiv xarici siyasət və beynəlxalq platformalarda iştirak isə Azərbaycanın müstəqilliyini, regional liderliyini və ABŞ də daxil olmaqla qlobal tərəfdaşlar üçün əhəmiyyətini gücləndirməyə imkan verir.
F.İsmayılzadə yaxın vaxtlarda imzalanmış sənədlərin və ikitərəfli təmasların fəallaşmasının ölkələr arasında münasibətlərdə yeni bir səhifə açacağına və regionda sülhün və sabitliyin möhkəmləndirilməsi üçün imkanlar yaradacağına əminlik ifadə edib.
