Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 13-də Ağdərə rayonuna etdiyi səfər işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma proseslərinin miqyasını, dərinliyini və strateji xarakterini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə görülmüş işlərlə tanışlıq deyil, Qarabağın gələcəyinə dair aydın siyasi, iqtisadi və sosial mesajların verildiyi mühüm hadisə kimi qiymətləndirilə bilər.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
"Prezident İlham Əliyevin Çapar, Heyvalı, Çıldıran, Aşağı Oratağ və Qozlukörpü kəndlərində, eləcə də Ağdərə şəhərində aparılan işləri yerində izləməsi dövlət başçısının azad edilmiş ərazilərə göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir. Uzun illər işğal nəticəsində tamamilə dağıdılmış, yaşayış üçün yararsız hala salınmış bu kəndlər bu gün yenidən qurulur, həyat bura geri qayıdır. Bərpa olunan fərdi yaşayış evləri, çəkilən yollar, yaradılan mühəndis-kommunikasiya xətləri insanların doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin edir.
Ağdərədə aparılan işlər göstərir ki, dövlət siyasəti yalnız evlərin bərpası ilə məhdudlaşmır. Burada tam bir yaşayış mühiti formalaşdırılır. Elektrik, qaz, içməli su, rabitə xətləri, məktəblər, parklar, istirahət zonaları kəndlərin sosial simasını köklü şəkildə dəyişir. Keçmiş məcburi köçkünlərin artıq doğma torpaqlarda daimi məskunlaşması Qarabağda demoqrafik bərpanın real mərhələyə keçdiyini sübut edir", - o bildirib.
Azər Qarayevin sözlərinə görə, Prezident İlham Əliyevin səfəri çərçivəsində “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışı Qarabağın gələcəyinin "yaşıl enerji" üzərində qurulduğunu açıq şəkildə ortaya qoydu.
"Azərbaycanın enerji strategiyasının mühüm hissəsi olan bu layihə ekoloji dayanıqlılıqla yanaşı, iqtisadi səmərəliliyi də təmin edir. Ağdərə artıq təkcə öz ehtiyaclarını ödəyən deyil, ölkənin enerji sisteminə töhfə verən regiona çevrilir. Bu isə bölgənin strateji əhəmiyyətini daha da artırır. İqtisadi inkişafın digər mühüm istiqaməti isə sənaye potensialının reallaşdırılmasıdır. Prezident İlham Əliyevin Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlığı bunun əyani sübutudur. Uzun illər qanunsuz istismar edilən bu yatağın indi Azərbaycan dövlətinin nəzarəti altında, müasir texnologiyalar əsasında işlədilməsi həm iqtisadi, həm də siyasi baxımdan mühüm mesajdır. Yüzlərlə insanın işlə təmin olunması, yerli əhalinin məşğulluğunun prioritet götürülməsi Qarabağda sosial rifahın möhkəmləndirilməsinə xidmət edir", - o bildirib.
A.Qarayev qeyd edib ki, Ağdərə şəhərinin Baş planının təqdim olunması isə regionun inkişafına sistemli yanaşmanın göstəricisidir:
"Müasir şəhərsalma konsepsiyası əsasında hazırlanan bu plan Ağdərəni gələcəkdə sənaye, logistika, turizm və aqroturizm mərkəzinə çevirməyi hədəfləyir. Yeni məktəblər, uşaq bağçaları, xəstəxana, ictimai və işgüzar zonalar, parklar və velosiped yolları şəhərin rahat, yaşıl və müasir urbanistik model üzrə inkişaf etdiriləcəyini göstərir. Bu yanaşma Qarabağın yalnız bu günü üçün deyil, onilliklər irəli üçün planlandığını sübut edir. Prezident İlham Əliyevin Ağdərə sakinləri ilə görüşü səfərin mənəvi baxımdan ən təsirli məqamlarından biri oldu. Dövlət başçısının şəhid ailələri ilə birbaşa ünsiyyəti, onların ağrısını və qürurunu bölüşməsi, Qarabağın artıq əbədi olaraq Azərbaycan torpağı olduğunu vurğulaması xalqın dövlətə olan inamını daha da gücləndirdi. Eyni zamanda, Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlinin qoyulması regionda təhlükəsizlik amilinin daim diqqət mərkəzində saxlanıldığını göstərir. Bu mərkəz xüsusi təyinatlı qüvvələrin peşəkar hazırlığının gücləndirilməsi ilə yanaşı, Azərbaycanın müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Bu fakt onu göstərir ki, dövlət Qarabağda həm inkişafı, həm də təhlükəsizliyi paralel şəkildə və balanslı formada təmin edir".
Onun sözlərinə görə, bununla yanaşı, Prezident İlham Əliyevin yanvarın 13-də Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirakı azad edilmiş bölgələrdə sənaye infrastrukturunun bərpası və gücləndirilməsinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bir daha təsdiqlədi:
"Müasir, yüksəkdəqiqlikli texnoloji avadanlıqlarla təchiz edilən müəssisədə hərbi təyinatlı məhsulların istehsalı yerli müdafiə sənayesinin imkanlarını genişləndirməklə yanaşı, regionda yeni iş yerlərinin açılmasına və ixtisaslı kadr potensialının formalaşmasına xidmət edir. Zavodun fəaliyyəti göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Qarabağ və ətraf bölgələrdə yalnız yaşayış və sosial infrastrukturun deyil, strateji sənaye sahələrinin də dirçəldilməsini, iqtisadi müstəqilliyin və milli təhlükəsizliyin möhkəmləndirilməsini hədəfləyir. Bu yanaşma azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadi sisteminə tam inteqrasiyasını sürətləndirən mühüm amillərdən biridir".
Politoloq vurğulayıb ki, ümumilikdə, Prezident İlham Əliyevin Ağdərəyə səfəri azad edilmiş ərazilərdə həyata keçirilən siyasətin mahiyyətini aydın şəkildə ortaya qoydu.
"Bu siyasət sadəcə bərpa deyil, dirçəliş, inkişaf və gələcək nəsillər üçün möhkəm təməl qurmaq siyasətidir. Yeni infrastruktur, sənaye və enerji layihələri, minlərlə iş yeri, sosial təminat və təhlükəsizlik tədbirləri Qarabağın, xüsusilə Ağdərənin yaxın illərdə Azərbaycanın ən dinamik və strateji əhəmiyyətli bölgələrindən birinə çevriləcəyini göstərir. Bu gün Qarabağda həyat bərpa olunur. Bu həyat planlı, güclü dövlət iradəsinə əsaslanan və geri dönməz xarakter daşıyan bir prosesdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu torpaqlar yalnız bərpa edilmir - yenidən doğulur", - deyə Azər Qarayev bildirib.
