...

Fransanın qərəzli qətnaməsi: Cənubi Qafqazda sülh gündəliyinə siyasi müdaxilə - Şərh

Siyasət Materials 6 Fevral 2026 13:48 (UTC +04:00)
Fransanın qərəzli qətnaməsi: Cənubi Qafqazda sülh gündəliyinə siyasi müdaxilə - Şərh
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Milli Assambleyasının qərəzli qətnamə qəbul etməsi təsadüfi siyasi addım kimi qiymətləndirilə bilməz. Bu, daha çox Parisin Cənubi Qafqazda formalaşan yeni reallıqları qəbul etməməsi və regionda sülh gündəliyini zəiflətmək cəhdinin tərkib hissəsi kimi görünür.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Millət vəkilinin sözlərinə görə, məhkəmə prosesləri yalnız hüquqi xarakter daşımır, məhkəmə eyni zamanda uzun illər gizlədilən həqiqətlərin üzə çıxması, münaqişə dövründə baş vermiş cinayətlərin sənədləşdirilməsi və beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir:

“Belə bir vaxtda Fransa parlamentinin qəbul etdiyi sənəd hüquqi proseslərə kölgə salmaq, onları siyasiləşdirmək və diqqəti faktlardan yayındırmaq məqsədi daşıyır. Bu yanaşma hüququn aliliyinə deyil, geosiyasi maraqlara söykənən mövqe təsiri bağışlayır”.

Deputat vurğulayıb ki, 2025-ci ilin oktyabrında Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısı çərçivəsində Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti ilə görüşərək iki ölkə arasında gərginliyin aradan qaldırılması və münasibətlərin normallaşdırılması üçün təşəbbüs göstərməsi ilə hazırkı vəziyyət arasında kəskin ziddiyyət var:

“Həmin görüşdə verilən mesajlar dialoq və qarşılıqlı anlaşma ruhunda təqdim olunsa da, sonrakı addımlar bunun siyasi taktika olduğunu göstərir. Parisin atdığı addımlar diplomatik etimad mühitinə zərbə vurur və Makronun səmimiliyi ilə bağlı ciddi suallar yaradır.

Fransanın bu davranışı təkcə Azərbaycanla münasibətlər kontekstində deyil, bütövlükdə regionun gələcəyi baxımından təhlükəli presedent yaradır. Çünki Cənubi Qafqaz hazırda münaqişədən sonrakı bərpa, kommunikasiyaların açılması, iqtisadi inteqrasiya və sülh sazişi perspektivləri ilə xarakterizə olunan həssas mərhələdədir”.

E.Mirzəbəyli əlavə edib ki, bu cür addımlar ABŞ-nin və bir sıra digər aktorların regionda sülh təşəbbüslərinə də dolayı zərbə vurur.

“Hazırkı mərhələdə Cənubi Qafqazda əsas prioritet sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin bərpasıdır. Fransa parlamentinin qəbul etdiyi qətnamə isə bu proseslərə konstruktiv töhfə vermək əvəzinə, siyasi emosiyaları körükləyən mövqe ortaya qoyur.

Eyni zamanda, Parisin bu xətti region ölkələrinin Avropa İttifaqı və NATO ilə əməkdaşlıq perspektivlərinə də mənfi təsir göstərir. Çünki tərəfsizlik və obyektivlik prinsipi pozulduqda Avropa institutlarının regiondakı rolu ilə bağlı ciddi suallar yaranır. Fransa faktiki olaraq öz davranışı ilə Avropa platformalarının etibarlılığına kölgə salır”, - deyə o qeyd edib.

Milli Məclisin deputatı Günay Ağamalı isə Trend-ə açıqlamasında bildirib ki, Fransa Milli Assambleyasında qəbul edilən son qətnamə bu ölkənin siyasi dairələrinin Cənubi Qafqazda baş verən proseslərə obyektiv yanaşmaqdan uzaq olduğunu bir daha göstərir:

“Azərbaycanda saxlanılan şəxslərlə bağlı səsləndirilən çağırışlar hüquqi reallığı, aparılan istintaqı və məhkəmə proseslərini nəzərə almayan qərəzli yanaşmadır. Bu şəxslər hərbi əməliyyatlar və münaqişə dövründə törədilmiş ağır cinayətlərə görə məsuliyyətə cəlb olunublar və hazırda məhkəmə orqanlarının qərarları hüquqi prosedurlara uyğun şəkildə icra olunur. Azərbaycan hüquqi dövlətdir və heç bir xarici siyasi mərkəz ölkəmizin məhkəmə sisteminə təsir göstərə bilməz”.

Millət vəkili vurğulayıb ki, qətnamənin məhz məhkəmə proseslərinin yekunlaşdığı, faktların, şahid ifadələrinin və sübutların ictimaiyyətə təqdim olunduğu bir vaxtda qəbul edilməsi təsadüfi deyil:

“Bu, Fransada müəyyən siyasi qrupların regionda siyasi gündəliyi manipulyasiya etmək niyyətində olduğunu göstərir. Azərbaycanla münasibətlərin normallaşdırılmasından danışan, dialoq çağırışları edən Fransa rəhbərliyinin bu cür addımlar atması ziddiyyətli və səmimiyyətdən uzaqdır”.

G.Ağamalının sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, regionda dayanıqlı sülh yalnız beynəlxalq hüquqa hörmət, ərazi bütövlüyünün tanınması və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi ilə etibarlı şəkildə təmin oluna bilər.

“Xarici parlamentlərin siyasi motivli qətnamələri nə hüquqi qüvvəyə malikdir, nə də real sülh prosesinə töhfə verir. Əksinə, bu cür addımlar bölgədə etimad mühitinə xələl gətirir.

Azərbaycanın mövqeyi dəyişməzdir. Ölkəmiz öz suveren hüquqlarına, qanunvericiliyinə və məhkəmə qərarlarına əsaslanaraq hərəkət edir. Regionda sabitlik və əməkdaşlıq istəyən bütün tərəflər emosional və qərəzli bəyanatlardan uzaq durmalı, hüquqi və siyasi reallıqları qəbul etməlidirlər. Azərbaycan sülh gündəliyinə sadiqdir. Sülh gündəliyi qarşılıqlı hörmət və obyektiv yanaşma əsasında irəliləyə bilər”, - deyə o fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti