Bakı. Trend:
Son günlər Avropanın iki siyasi mərkəzindən - Paris və Bern şəhərlərindən gələn siqnallar bir daha göstərdi ki, bəzi Qərb dairələri üçün beynəlxalq hüquq prinsipləri hələ də selektiv şəkildə tətbiq olunur. Fransa Senatının qəbul etdiyi mübahisəli qətnamə və İsveçrə parlamentinin üzvü Erik Vontobelinin Ermənistandakı görüşlərdə səsləndirdiyi fikirlər təkcə diplomatik məsuliyyətsizlik deyil, həm də açıq-aydın şəkildə Azərbaycanın suverenliyinə və beynəlxalq ədalət sisteminə qarşı yönəlmiş siyasi davranışdır.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"Fransa Senatının son qətnaməsi xüsusilə təhlükəli presedent yaradır. Sənəd açıq şəkildə Azərbaycan məhkəməsi tərəfindən ağır cinayətlərə görə təqsirli bilinən şəxslərin azadlığa buraxılmasına çağırış edir. Söhbət sadəcə siyasi fiqurlardan deyil - söhbət onilliklər ərzində Azərbaycan ərazilərində etnik təmizləmə aparmış, mülki əhaliyə qarşı zorakılıq törətmiş, müharibə cinayətlərində ittiham olunan və bütün bunlara görə artıq hüquqi hökm almış şəxslərdən gedir.
Bu insanlar "mübahisəli fiqurlar" yox, beynəlxalq hüquqa əsasən müharibə cinayətkarlarıdır. Onlar Azərbaycanın suveren ərazilərində qanunsuz silahlı birləşmələrə rəhbərlik etmiş, yüz minlərlə azərbaycanlının doğma yurdlarından qovulmasında birbaşa iştirak etmiş şəxslərdir. Azərbaycan məhkəsi bu faktları sənədlərlə, şahid ifadələri ilə və sübutlarla ortaya qoyaraq hüquqi qərar çıxarıb.
Belə olan halda Fransa Senatının bu şəxslərin azadlığa buraxılmasını tələb etməsi ikiüzlükdən başqa bir şey deyil. Paris faktiki olaraq deyir ki, azərbaycanlıların hüquqları, məhkəmələrin qərarları və dövlətin ədalət sistemi onun üçün önəm daşımır. Bu isə Fransa kimi özünü “insan hüquqları beşiyi” adlandıran ölkənin reputasiyası üçün ağır zərbədir", - o bildirib.
Onun sözlərinə görə, bu addımın təsadüfi olmadığı da aydındır.
"Fransa son illər açıq şəkildə Ermənistanın maraqlarını müdafiə edən siyasi xətt yürüdür. Ermənistanın hərbi məğlubiyyəti və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Parisdə qəbul edilmir. Ona görə də Fransa müxtəlif parlament qətnamələri, siyasi bəyanatlar və diplomatik təzyiqlərlə status-kvonu geri qaytarmağa çalışır. Lakin bu, artıq mümkün deyil.
Eyni siyasi xəttin başqa bir forması İsveçrədə də özünü göstərir. İsveçrə parlamentinin üzvü Erik Vontobelinin Ermənistana səfəri və orada özlərini guya hansısa "Dağlıq Qarabağ rəhbərliyi" kimi təqdim edən şəxslərlə görüşməsi beynəlxalq hüquqa açıq hörmətsizlikdir. Belə bir struktur mövcud deyil. Azərbaycan Respublikasının Konstitusiyasına, BMT Nizamnaməsinə və beynəlxalq tanınmış sərhədlərə görə Qarabağ Azərbaycanın tərkib hissəsidir. Orada heç bir “rəhbərlik”, “dövlət” və ya “subyekt” yoxdur və ola da bilməz.
Vontobel bu görüşlə faktiki olaraq separatçılığa siyasi legitimlik verməyə çalışıb. Bu isə İsveçrə kimi neytral ölkənin parlament üzvü üçün son dərəcə təhlükəli və məsuliyyətsiz davranışdır. Daha da təəccüblüsü odur ki, o, "Qarabağ məsələsi hələ bağlanmayıb" kimi ifadələr işlədib. Bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmaqdır.
Halbuki Qarabağ məsələsi hərbi və hüquqi baxımdan artıq bağlanıb. Azərbaycan 2020-ci ildə və 2023-cü ildə beynəlxalq hüququn verdiyi haqq çərçivəsində öz ərazilərində suverenliyini bərpa edib. Ermənistan bunu tanıyıb. Dünya bunu tanıyıb. BMT, Aİ, ATƏT və digər qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu reallığı dəyişmək mümkün deyil", - o bildirib.
A.Qarayev qeyd edib ki, indi bəzi Avropa siyasətçiləri faktiki olaraq məğlub olmuş separatçı layihəni süni şəkildə diriltməyə çalışırlar.
"Onlar məhkəmə hökmü ilə təqsirli bilinmiş şəxsləri “siyasi məhbus” kimi təqdim edir, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar. Lakin fakt dəyişmir: bu şəxslər müharibə cinayətlərinə görə məsuliyyət daşıyırlar. Əgər Fransa və İsveçrə doğrudan da insan hüquqlarını və hüququn aliliyini müdafiə edirsə, onda onlar ilk növbədə müharibə qurbanlarının – azərbaycanlıların hüquqlarını düşünməlidir. Otuz il ərzində yurdlarından qovulmuş, evləri dağıdılmış, mədəni irsi məhv edilmiş bir xalqın ədalət tələbini görməzdən gəlmək ikili standartların ən bariz nümunəsidir. Azərbaycan heç kimdən xüsusi imtiyaz istəmir. Azərbaycan yalnız beynəlxalq hüquqa hörmət tələb edir. Məhkəmə qərarlarına hörmət tələb edir. Dövlət suverenliyinə hörmət tələb edir. Fransa Senatı və İsveçrə deputatı bilməlidir ki, Qarabağ artıq qayıdıb. Separatçılıq tarixə qovuşub. Cinayətkarlar isə gec-tez ədalət qarşısında cavab verirlər. Avropanın hansısa parlament zalında qəbul edilən siyasi qətnamələr bu reallığı dəyişə bilməz", - politoloq əlavə edib.
