Bakı. Trend:
Bakıda “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfrans keçirilib.
Trend xəbər verir ki, konfrans Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutub.
Konfransda ilk dəfə olaraq müstəmləkə ərazilərinin yerli əhalisi
ilə birbaşa yerində işləyən antropoloqlar və psixoterapevtlər,
müstəmləkəçiliyə həsr edilmiş Virtual Muzeyin yaradılmasında
iştirak etmiş ekspertlər, eləcə də həmin ərazilərdə fəaliyyət
göstərən müstəqillik hərəkatlarının rəhbər şəxsləri, həmçinin
neokolonializm sahəsində ixtisaslaşmış tədqiqatçılar iştirak
ediblər.
Tədbir çərçivəsində müxtəlif sosial və mədəni kontekstlərdə
müstəmləkəyə məruz qalmış xalqların travmatik və sosial
təcrübələri, müstəmləkə güclərinin qanunsuz fəaliyyətindən
qaynaqlanan struktur problemlər və davam edən bərabərsizlik
hallarının birbaşa öyrənilməsi, eləcə də bu təcrübələrin
sənədləşdirilməsi, təhlili və beynəlxalq müstəviyə çıxarılması üçün
məlumatlara əlçatanlığın təmin olunması məsələləri ətrafında
müzakirələr aparılıb.
Eyni zamanda, fərdi həyat hekayələrinin sənədləşdirilməsi və bu tipli materialların beynəlxalq platformalarda yayılması, xüsusilə kolonializmin əsarət altında yaşayan xalqlarda yaratdığı travmatik təsirlər və psixoloji nəticələrinin elmi tədqiqat obyekti kimi nəzərdən keçirilməsi məsələləri gündəmə gətirilib. Müzakirələrdə həmçinin rəqəmsal və elmi platformaların beynəlxalq təşkilatların müvafiq virtual sistemləri ilə inteqrasiyası, müstəmləkəçiliyi tədqiq edən beynəlxalq araşdırma qrupları, ekspertlər və məhkəmə materialları üçün əlçatanlığın təmin olunması məsələləri diqqət mərkəzində olub.
Konfrans tarixi baxımdan əhəmiyyətlidir: İlk dəfə olaraq antropoloqlar və psixoterapevtlər müstəmləkə əsarətindən təsirlənən yerli əhali ilə birbaşa işləyərək fərdi və qrup müsahibələr aparıb, travmatik təcrübələri qiymətləndirib, həyat hekayələrini sənədləşdirib, həmçinin sosial, mədəni və psixoloji təsirləri sistemli şəkildə qeydə alıblar.
Toplanan məlumatların və sənədlərin rəqəmsal platformalar vasitəsilə təqdim edilməsi akademik və ictimai diqqətin artırılmasına xidmət etməklə yanaşı, beynəlxalq təşkilatlarla əlaqələndirilməsinə şərait yaradır. Xüsusilə bu məlumatlar BMT və onun strukturları C-24 Komitəsi, İnsan Hüquqları Şurası və bu kimi qurumlarla sinxronlaşdırılaraq, müstəmləkə ərazilərində baş verən qanunsuzluqların, resursların qeyri-bərabər bölüşdürülməsinin və müstəmləkə ərazilərində yaşayan xalqların hüquqlarının pozulmasının beynəlxalq səviyyədə diqqət mərkəzində saxlanmasına xidmət edəcək.
Toplanan materiallar beynəlxalq təşkilatlarla əməkdaşlıq edən məruzəçilər, ekspertlər və məhkəmələr tərəfindən istinad edilə biləcək etibarlı və şəffaf informasiya mənbəyi rolunu oynayır.
