Bakı.Trend:
Kolonial mövzu müəyyən mənada dövrümüzün çətin mövzularından biridir.
Trend xəbər verir ki, bu fikirləri antropoloq, "Qara Sivilizasiya" Muzeyinin İdarə heyətinin üzvü Sename Kofi Aqbodjinu "Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Biz eyni anda üç mövcudluq təhlükəsi ilə üzləşən ilk insan nəsliyik. Yəni bu növün özünü davam etdirmə qabiliyyəti üç səviyyədə və ya üç ölçüdə təhdid altındadır.
Birinci səviyyə siyasi səviyyədir. Müharibələrin geri qayıtması ilə bağlıdır və bu müharibələrin bir çoxu kolonial müharibələr, qabaqlayıcı müharibələrdir. Texnoloji təhlükə də mövcuddur. Bu gün rəqəmsal texnologiyaların yaratdığı bütün proseslər potensial olaraq növümüzün hökmranlığına və ya davamlılığına son qoya bilər. Digər tərəfdən, elmi cəhətdən kifayət qədər sənədləşdirilmiş ekoloji təhlükə var. Bu təhlükə planetin resurslarını tükətməyimizdən və onu elə bir böhran vəziyyətinə salmağımızdan qaynaqlanır ki, artıq planet özünü bərpa edə bilmir”, - deyə Aqbodjinu bildirib.
Antropoloq qeyd edib ki, insanlar bu planetdə yaşamağa davam edə bilməsi üçün özünü lazım olan səviyyədə bərpa edə bilmir:
“Bu cür dövrlər “canavarların” meydana çıxması üçün əlverişlidir. Görünür, biz də çoxlu “canavarların” ortaya çıxdığı bir mərhələdəyik. Mənə elə gəlir ki, onların hamısı kolonial məsələni paylaşır. İstər ekoloji təhlükə olsun, istər rəqəmsal texnologiyalarla bağlı təhlükə, istərsə də beynəlxalq hüququn talan edilməsi fonunda ortaya çıxan və artıq çəkinməyən siyasi təhlükə olsun, bunların hamısı müəyyən mənada kolonial təhlükələrdir. Bu baxımdan koloniallıq dövrümüzün əsas və çətin mövzularından biridir”.
