...

TERRİ DEVİS MÜXALİFƏT LİDERLƏRİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 5 Sentyabr 2005 16:55 (UTC +04:00)

Avropa Şurasının (AŞ) baş katibi Terri Devis Azərbaycana səfəri çərçivəsində sentyabrın 5-də müxalifət liderləri ilə görüşüb. Trend in məlumatına görə, görüşdə "Azadlıq" blokunu təmsil edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli, Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu, "Yeni Siyasət" blokunun üzvləri Eldar Namazov və Etibar Məmmədov, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət iştirak ediblər.

Görüşdə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilmə səviyyəsi, qarşıdan gələn parlament seçkiləri, müxalifətin seçkidə iştirakı, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı problemlər və digər məsələlər müzakirə olunub.

Etibar Məmmədov bildirib ki, görüşdə diqqət əsasən "bir seçici-bir səs" məsələsinə yönəldilib. E.Məmmədov seçkidə iştirak edən namizədlərin fəaliyyətinin məhdudlaşdırıldığını, həmçinin bir sıra kütləvi informasiya vasitələrində "qara piar" kampaniyasının aparıldığını T.Devisin diqqətinə çatdırıb. T.Devis bildirib ki, seçkidə bir seçicinin yalnız bir səs verəcəyinə heç kəs zəmanət verə bilməz, ona görə də seçicilərin barmaqlarının mürəkkəbə batırılması üsulundan istifadə təklifini dəstəkləyir.

Əli Kərimli isə bildirib ki, görüşdə müxalifətçilər Avropa Şurasının rəhbərinə qalan iki ay müddətindən maksimum istifadə olunmasını təklif ediblər. Müxalifət liderləri T.Devisdən Azərbaycanda azad və ədalətli seçkilər üçün şəraitin təmin olunmasını istəyiblər: "Həmçinin xüsusi vurğulandı ki, müxalifət qüvvələrinin hər hansı dəstəyə ehtiyacı yoxdur. Çünki müxalifət bu seçkidə Azərbaycan xalqından lazım olan dəstəyi alacaq"-deyə Ə.Kərimli bildirib.

Terri Devis isə deyib ki, Azərbaycanda keçiriləcək parlament seçkisinə xüsusi önəm verdiyindən, o, seçkidən iki ay əvvəl ölkəmizə gəlib. T.Devis seçkiqabağı şəraitin demokratikləşməsi ilə bağlı öz mövqeyini Azərbaycan iqtidarının nəzərinə çatdıracağını bildirib.

Avropa Şurasının baş katibi AXCP-yə qarşı və onun regional təşkilatlarına qarşı son hücumların qəbuledilməz olduğunu deyib. T.Devis, həmçinin, Azərbaycan mətbuatında bütün tərəflərə bərabər şəraitin yaradılmasının zəruriliyini qeyd edib, Seçki Məcəlləsinə dəyişikliklər edilməsinə tərəfdar olduğunu və Azərbaycan xalqının iradəsinin bu seçkilərdə ifadə olunmasına çalışdıqlarını bildirib.

T.Devislə aparılan müzakirələrin yekunu barədə fikirlərini bölüşən Eldar Namazov görüşü yüksək qiymətləndirdiklərini və razı qaldıqlarını bildirib: "Görüşümüz çox səmərəli və işgüzar keçdi. Seçki ilə bağlı çox ciddi müzakirələr aparıldı. Bu görüşü yüksək dəyərləndirirəm və ümid edirəm ki, bu müzakirələr sonda öz müsbət nəticəsini verəcək"-deyə Eldar Namazov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti